Urmiya gölünün qurumasının qarşısını kim alacaq?
19 iyul 2013 06:11 (UTC +04:00)

Urmiya gölünün qurumasının qarşısını kim alacaq?

Urmiya gölünün quruması nəticəsində Tehranadək kənd təsərrüfatı sahələri təhlükə qarşısında qalacaq.

 

Lent.az-ın «Oyannews»a istinadən məlumatına görə, bu barədə Urmiyan «Pəyam-e Nur» Universiteti Elmi Şurasının üzvü, coğrafiyaşünas alim, doktor İmaməli Aşəri bildirib.


Onun sözlərinə görə, Urmiya gölündə ekoloji faciənin baş verməsinin ölkə daxili ilə yanaşı, regional və qlobal səviyyədə də öz təsirini göstərə bilər: “Bu gün küləklər Urmiya gölündən şərqə doğru əsir. Urmiya gölünün quruması nəticəsində də duz kütlələri Qərbi və Şərqi Azərbaycan, Zəncan, hətta Tehran vilayətlərinədək mövcud olan bütün əkin sahələrini ciddi təhlükə ilə qarşı-qarşıya qoyacaq”. 

 

İ. Aşəri deyib ki, turizm sektorunun iflasa uğraması, yəni artıq insanların palçıq vannaları qəbul etmək və müxtəlif xəstəlikləri dərmanı olan Urmiya gölünün şəfalı suyunda çimmək üçün gəlməməsi bölgənin iqtisadiyyatına ziyan vuracaq.

 

Azərbaycanlı müəllim İran hakimiyyətinin Xəzər dənizinin suyunun səhralıqlara axıdılması layihəsini də sərt tənqid edib: «Urmiya gölünün ekosistemini xilas etmək üçün heç bir iş görülmür. Belə olan halda İran çöllərinin yaşıllığa çevrilməsi üçün pul xərcləməyə nə ehtiyac var?»

 

Qeyd edək ki, bir neçə gün öncə Güney Azərbaycanın Urmiya şəhərindən deputat olan Mehdi İsazadə bu göllə bağlı xəbərdarlıq edərək bildirib ki,onun durumu məsullar üçün həyəcan təbilidir və ölkəni təhdid edir: «Urmiya gölünün 70 faizi quruyub və gün keçdikcə gölün suyu daha da azalır. Gölü qurumaqdan qurtarmaq məqsədi ilə vəsait nəzərdə tutulsa da, ancaq indiyədək bu qərar icra edilməyib».

O, Urmiya gölü ilə bağlı «zülmün unudulmaz» olduğunu vurğulayaraq bildirib:

«Görəsən, bu dərdi kimə anlatmalıyıq?! Bir ildən çoxdur energetika nazirinə bu barədə sorğu ünvanlamışıq, ancaq hələ də cavab verilməyib».

 

Gölün qurumasının qarşısının alınması məqsədi ilə çeşidli fikrilər söylənilir, tədbirlər keçirilir. Ancaq bütün bunların nəticəsi kimi Güney Azərbaycanın bu təbii incisinə, Urmiya gölünə bir damcı su tökülmür.

Şərqi Azərbaycan əyaləti Təbii Mənbələr və Əkinçilik Tədqiqatı Mərkəzinin sədri Həsən Munirifər bu günlərdə mətbuata müsahibəsində bildirib ki, bu il oktyabrın 22-dən başlayaraq 2 günlük konfrans keçiriləcək.

Konfrans üçün indidən məqalələr və tədqiqat əsərləri qəbul edilməkdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632
avatar

Oxşar yazılar