Azərbaycanda rəsmi səfərdə olan Türk Dünyası Bələdiyyələr Birliyinin nümayəndə heyəti Səbail rayon İcra Hakimiyyətində olub. RİH-dən Lent.az-a verilən məlumata görə, nümayəndə heyətini qəbul edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qonaqlaraı Səbail rayonun strateji əhəmiyyət kəsb etdiyini bildirib və rayonun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə ətraflı məlumat verib. Asif Əsgərov rayondakı hər üç bələdiyyə – Səbail, Badamdar və Bibiheybət Bələdiyyələri, onların fəaliyyətindən də söz açaraq bildirib ki, bələdiyyələr rayondakı abadlıq, sosial quruculuq işlərində yaxından iştirak edir, rayon İcra Hakimiyyəti ilə birgə vacib sosial layihələri reallaşdırırlar. O, həmçinin qarşıda duran vəzifələr barədə məlumat vermişdir.
Ölkəmizdə səfərdən məmnunluq hissi keçirdiyini deyən Türk Dünyası Bələdiyyələr Birliyinin Məşvərət Şurasının üzvü Adəm Esen Azərbaycanın inkişafından qürur duyduğunu söyləyib. O, təmsil etdiyi qurumla Azərbaycan bələdiyyələri arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyindən danışıb. Digər çıxış edənlər: Türk Dünyası Bələdiyyələr Birliyinin Baş katibi Mustafa Başqurt, Kutahya Bələdiyyə Başqanı Ahmet Torun, iş adamı Murat Şahin – ölkəmizə səfərin səmərəli olduğunu qeyd ediblər. Bakıda gördükləri qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirərək, bələdiyyələr fəaliyyəti çərçivəsində əməkdaşlığın, həmçinin gələcək birgə layihələrin əhəmiyyətini vurğulanıb. Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.
Sonra qonaqlar Səbail rayonunun görməli yerlərində olublar, «Sahil bağı», Dənizkənarı Milli Parkı şəhərimizin gözəlliyinə vurğun olmalarını bildiriblər.