“Kəlbəcər ərazisində tunel deyilən bir ərazi var, oranı keçəndən sonra Kəlbəcərin özünə doğru gedirsən. Həmin o tunelin qarşısında da Ağdərə yolu gəlib birləşir. Ermənilər o yolu tutsalar, bütün kəndlər mühasirədə qalacaq. Dağ yolu var idi, onu keçmək isə çox çətin və məşəqqətlidir.”
“Nəzir deyirəm, tuneli salamat keçək!”
“Uzunluğu hardasa iki yüz metr olan, dağın içindən oyulub açılan tunelə gedən yol Tərtər çayının üstündən keçir.”
“Tunelə girirlər, sakitlik! Tunelin çıxışına çatanda isə postda heç kim yox! Narahat olurlar, amma sakitliyə güvənib yola davam edirlər. Tuneldən 30-40 metr aralanan kimi bu sakitlyin əslində onlar üçün qurulmuş tələ olduğunu anlayırlar!”
İlk baxışda əlaqəsiz, rabitəsiz görünən bu həyacanlı sətirlər jurnalist Vüsalə Məmmədovanın iki il erməni əsirliyində qalmış, cəmi 15-16 yaşlarında erməni vəhşiliyinin, erməni qəddarlığınıı şahidi olmuş və dəhşətli işgəncələrə məruz qalmış Müşfiq Əliyev ilə “Lent.az” saytında getmiş “Əsir düşərgəsi” adlı yazı- müsahibəsindən götürülüb. Müsahibəni hissiz, həyacansız oxumaq olmur, oxuduqca da sanki nifrətdən, qəhərdən damarlar daralır, vücud titrəyir və ürək ancaq bir şey istəyir: silaha sarılmaq və Vətən torpaqlarını tezliklə mənfur düşmənin tapdağından azad etmək!
Bu kədrli sətirlər həm də Kəlbəcərlə bağlı xatirələrimi oyatdı, füsunkar gözəlliyə malik Tutqun dərəsini, tuneli yadıma saldı. Tutqun çayının kanyona bənzər dar dərəsi ilə Tərtər çayının birləşdiyi yerdə tikilmiş o tunel, həqiqətən, region üçün hədsiz strateji əhəmiyyətə malik bir obyekt idi, 40-a yaxın Kəlbəcər elinin ümid yolu idi. Yevlax-İstisu magistral yolundan Tutqun dərəsinə maşınla girmək üçün yeganə yol, məhz bu tuneldən keçir. Bakı metrosunu nəzərə almasaq, bu, yəqin ki, Azərbaycanda ən uzun tuneldir.
Maşın ensiz, qaranlıq tunelə girəndə, doğrusu, adam bir az vahimələnir, qalın əhəngdaşı laylarının içində sanki primitiv üsulla oyularaq salınmış tunelin etibarlığı təşviş yaratsa da, bu hisslər tez keçib gedir. Tuneldən çıxdıqdan sonra yol Tutqun çayının sol sahili boyu yavaş-yavaş yuxarı qalxır və bir xeyli getdikdən sonra dar dərə genişlənir və kəndlər görünməyə başlayır: Comərd, Almalıq, Zülfüqarlı, Əsrik, Tirkeşəvənd, Qazıxanlı, bir az aralıda – Kilsəli, Ağcakənd, Abdullauşağı, Qalaboynu, Qaraxançallı, Xallanlı, adını çəkmədiyim irili-xırdalı daha neçə kənd və nəhayət, Kəlbəcər elinin ən böyük yaşayış məskənlərindən biri, dəniz səviyyəsindən təxminən 2200 m hündürlükdə yerləşən Başlıbel kəndi.
Tuneldən başlayaraq Dəlidağın ətəklərinə doğru, yamacları sıx meşələrlə örtülmüş dağlar arasında cənuba doğru uzanıb gedən bu dərə el arasında “Qoturlu dərə” kimi tanınan Tutqun dərəsidir. Ehtimal ki, “Qoturlu” adı dərə boyu bir neçə yerdə qaynayıb çıxan və qotur xəstəliklərinin müalicəsinə kömək edən mineral və termal sulara görə deyilmişdir.
Yuxarıdan baxanda dərənin qəribə görünüşü var, sanki ağzı büzülmüş torbaya bənzəyir: hər tərəfdən hündür, qövsvari dağ – cənubdan Mıxtökən, şərqdən Çilqaya və qərbdən Sarıbulaqdağ silsilələri ilə əhatələnibdir, şimalda isə dar bir boğazla Tərtər çayının dərəsinə birləşir. Mənə elə gəlir ki, bu səbəbdən, əvvəl çaya, sonralar isə dərəyə “Tutqun”, yəni “tutulmuş”, “saxlanılmış” deyiblər. Hərçənd ki, yerli adamların sözlərinə görə buralarda çox vaxt duman, çən yəni hava tutqun olduğundan bu dərəyə belə demişlər. Ola bilər, orada qaldığım bir ay ərzində o çəni, dumanı bir neçə dəfə gördüm.
1975-ci ilin yay ayları idi. Tələbə kimi çöl təcrübəsi keçmək üçün Kəlbəcərə - Ağduzdağ geoloji-axtarış dəstəsinə ezam olunmuşdum. Layihə üzrə bir neçə sahədə, o cümlədən Tutqun dərəsinin lap yuxarılarında – Qazıxanlı, Qalaboynu kəndlərinin yaxınlığında Ağzıbir deyilən yerdə qızıla axtarış işləri aparmalı idik. Bu ətraflarda xeyli sayda qızıl saxlayan süxurlar və damarlar olsa da, iqtisadi cəhətdən əlverişli yataq hələ açılmamışdı. Dəstəmizin əsas məqsədi də belə bir yatağın aşkar edilib öyrənilməsi idi.
Tirkeşəvənd (Bəylik) kəndindən 2.0 km yuxarıda, gözəl, çox mənzərəli, çəmənlik bir yerdə, Qalaboynu və Tutqun çaylarının qovuşuğunda, nisbətən hündür, yastı təpənin üstündə iki dördnəfərlik çadır qurmuşduq – biri yatmaq, digəri isə iş və mətbəx üçün. Dərə dar və əyri-üyrü olduğundan aşağılar yaxşı görünmürdü. Bizdən 300-350 metr aşağıda bir arısaxlayanın alaçığı vardı. Arılarını arandan yaylağa gətirmişdi, 50-60 arı yeşiyi vardı. Arabir söhbətləşmək üçün bizə təşrif buyururdu, gələndə də bir kiçik kasa bal gətirərdi. Bal, nə bal!? Kəlbəcər dağlarının gülləri, çiçəkləri ilə qidalanan arıların hasil etdiyi əsil dağ balı!
Burada cəmi dörd nəfər idik, dəstəmizin yarısı o biri sahədə - Ağduzdağda işləyirdi. Günlərimiz şən və işgüzar keçirdi, hər gün yaddaqalan bir hadisə ilə, yeni, gözəl mənzərələrlə və ya söhbətcil, maraqlı adamlarla rastlaşırdıq. Kəlbəcər camaatı sözlü-söhbətli olur, şeiri-sazı sevərlər, aralarında şeir deyən və hazırcavab insanlar da çoxdur. Bəzən düşərgəmizin yanında ayaq saxlayar, işlərimizlə maraqlanar, xeyli söhbətləşib gedərdilər. Söhbət zamanı Aşıq Şəmşirdən, el şairləri Bəhməndən, Şücaətdən misallar gətirər, Rəfi ilə bağlı məzəli əhvalatlar, lətifələr danışardılar. Dəstə rəisimiz Gəncəli müəllim hər həftə aşağılardan ərzaq alıb gətirər, işlərimizə baş çəkər və yerli adamlarla şirin söhbətləri xoşlayardı.
Havalar imkan verəndə baş geoloq Vaqif müəllimlə marşruta (geoloji axtarışa) çıxırdıq, süxurlardan nümunələr götürürdük, o, çöl dəftərində qeydlər aparır mən isə ondan geologiyanın nəzəri və əməli incəliklərini öyrənirdim. Suallarıma səbirlə, hövsələ ilə cavab verər, izah edərdi. Zəhmətkeş və çox savadlı mütəxəssis idi, həm də ətrafdakılara qarşı hədsiz qayğıkeş və mehriban idi. Kəlbəcərin qızıl yataqlarının öyrənilməsində onun yetərli xidmətləri vardır. Elə Kəlbəcərin qızıl yataqlarından da dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almış, sonralar isə BDU-nun professoru olmuşdu.
Kəlbəcərə - onun dağlarına, dərələrinə, çaylarına, meşələrinə vurulmuşdum. Tutqun dərəsi isə başqa bir aləm idi, şəlalələrə baxmaqdan, onların şırıltısını dinləməkdən, buz bulaqların suyunu içməkdən doymurdum. Ağzıbir çayındakı 40-50 metrlik karkas şəlalə öz möhtəşəm görkəmi ilə gözümüzü, könlümüzü oxşayırdı. Forel (qızıl) balıqların bu şəlalələri necə qalxıb keçdiyi adamda heyrət doğururdu. Yalnız tər-təmiz dağ çaylarında yaşayan, belinin rəngi dup-duru sudan seçilməyən, ağ qarnında xırda qırmızı xalları və hədsiz dərəcədə çevik olan bu balıq məncə, dünyada ən ləzzətli balıqdır. Çaylar forellə zəngin olmasa da yemək üçün arabir tuta bilirdik.
Aradan uzun illər keçməsinə baxmayaraq, hələ də yatağıma girib yuxumu gözləyəndə arabir qulağıma xırıltılı bir səs gəlir. Bu səs məni təxminən 40 il əvvəl Kəlbəcərin Tutqun dərəsində işlədiyimiz o günlərə aparır. Kövrək duyğuların qanadlarında sanki o yerləri yenidən gəzib dolaşıram, o füsunkar gözəllikləri seyr edirəm və sanki çadırın altında, qaranlıqda Bəhram kişi yenə də bizə nağıl danışır: biri varmış, biri yoxmuş...
Bəhram kişi arıq, ovurdları batmış, ortaboylu idi, alt çənəsində qabaq dişləri olmadığından sözləri bir qədər fışıltı ilə tələffüz edirdi. Çəlimsiz olmasına baxmayaraq, zirək, necə deyərlər, qayışbaldır idi, hər işə yarayırdı. Bizim dəstədə sınaq götürən, yəni fəhlə işləyirdi, amma lazım olanda su da gətirirdi, yemək də hazırlayırdı. Əslində, bu kimi işləri hamımız görürdük, çölçülükdə bir-birinə həyan olmasan, bir-birinin qayğısına qalmasan ümumi iş ləngiyər, bəlkə də heç getməz. Bu, çölçülüyün bir nömrəli yazılmamış qanunudur. Bəhram kişinin 40-45 yaşı olardı, amma əksər kənd adamları kimi o da yaşından qoca görünürdü. Deyəsən, kimi-kimsəsi də yox idi, çox fağır, yazıq görkəmi vardı. Savadsız olsa da güclü yaddaşı vardı, gördüklərini, eşitdiklərini heç unutmurdu. Azərbaycan folklorundan çoxlu sayda nümunələr bilirdi, xüsusilə dastanları, nağılları danışmağı çox sevirdi. İmkan düşən kimi bizə o nağıllardan danışardı, həvəslə, şövqlə. Sadəlövh idi, danışdığı nağıllara özü də inanırdı, dastanın, ya nağılın qəhrəmanı çətin vəziyyətə düşəndə Bəhram kişinin də səsinin tonu dəyişər, bəzən kövrələr, bəzən də qəhərlənərdi. Nağıl qəhrəmanı qalib gələndə isə sevinər, hətta astadan aşıqsayağı zümzümə də edərdi. Ən çox sevdiyi “Koroğlu” dastanı, “Məlikməmməd” və “Ağ atlı oğlan” nağılları idi, danışmaqdan doymurdu.
Axşamlar tonqal başında və ya gecələr yatmağa hazırlaşanda ondan nağıl danışmasını xahiş edərdik. O da sanki himə bənd imiş, dərhal başlayardı: biri varmış, biri yoxmuş... Bəzən o eyni nağılı bir neçə dəfə söyləyərdi, xətrinə dəyməzdik, deməzdik ki, a kişi, bunu artıq danışıbsan. Cünki, çox vaxt yorğun olardıq, nağılları axıra qədər dinləyə bilməyib yuxulayardıq, sonluğunu bilmədiyimiz üçün ikinci dəfə danışmağına da etiraz etməzdik. Nağıllar ən çox Musanın xoşuna gələrdi o da sınaq götürən idi, 25-30 yaşı olardı. Haradasa qiyabi təhsil alırdı, geoloji dəstədə müvəqqəti işləyirdi. Mehriban oğlan idi, nağılları axıradək dinləyirdi, bəlkə də Bəhram kişinin xətrinə dəyməsin deyə...
Beləcə, Allah öz səxavətini əsirgəmədiyi bu dilbər guşədə cəmi bir ay qaldıq, işlərimizi yekunlaşdırıb, əsas bazaya - Ağduzdağa qayıtdıq. Tuneldən keçərkən bu yerlərə bir daha qayıtmağımı arzuladım. Qayıdammadım. Əvvəl imkan, sonra da mümkün olmadı. Kəlbəcər, Qarabağ işğal olundu. Dağlarımız əsir düşdü. İndi nə Kəlbəcər var, nə Tutqun dərəsi, nə çaylarında forel balıqları, nə də güllü-çiçəkli yamaclarında şirə toplayan bal arıları. Pərən-pərən düşdü, viran qaldı Kəlbəcər elləri. Bəhram kişi də haradadır, yaşayırmı, yenə nağıllar danışırmı? – Bilmirəm. Təsəvvür edəndə ki, o cənnət-məkan yerlər düşmən tapdağı altında inləyir, mən də Bəhram kişi kimi o nağıllara, onların xoşbəxt sonluqlarına inanmaq istəyirəm. İnanmaq istəyirəm ki, bir gün gələcək Azərbaycan ordusunun Koroğlusu və ya Ağ atlı oğlanı igidləri, ərənləri başına yığıb Tutqun dərəsini, Kəlbəcər ellərini və bütün Qarabağı işğaldan azad edəcək və minlərlə didərgin düşmüş soydaşlarımız öz dədə-baba torpaqlarına qayıdacaqdır. Mən buna inanıram!
P.S. Dəstəmizin rəisi Gəncəli Quliyev bir neçə il əvvəl, baş geoloq, sonralar BDU-nun professoru Vaqif Ramazanov isə bu günlərdə dünyasını dəyişdi. Allah hər ikisinə və Kəlbəcərdə, Qarabağda həlak olmuş bütün insanlara rəhmət eləsin!
Rəşid Fətəliyev
geologiya-mineralogiya elmləri namizədi