Gündə 6 saatdan az yatmaq sağlamlığınız üçün TƏHLÜKƏDİR
12 may 2025 17:15 (UTC +04:00)

Gündə 6 saatdan az yatmaq sağlamlığınız üçün TƏHLÜKƏDİR

Gündə altı saatdan az yatmaq nə “uğur rejimi”, nə də “qalib vərdişi” sayılır. Bu, əksinə, zehni funksiyaların zəifləməsi, hormonal pozğunluq, ürək xəstəlikləri riskinin artması və hətta yaddaş itkisi kimi ciddi problemlərə birbaşa aparan yoldur.

Lent.az bunun səbəblərini təqdim edir:

Bədəninizə və beyninizə nə olur?

Beyin funksiyalarında pozulma: diqqət, yaddaş, qərarvermə. Əgər siz gündə 6 saatdan az yatırsınızsa, beyniniz "təcili rejimə" keçir. Qısa müddətli yaddaş zəifləyir, diqqəti cəmləmək və rasional qərarlar vermək qabiliyyəti azalır.

Pensilvaniya Universitetinin araşdırmasında məlum olub ki, 2 həftə ərzində 4–6 saat yatan şəxslərin zehni fəaliyyəti, 48 saat yatmayan insanlarla müqayisə oluna biləcək qədər zəifləyir.

Hormonal tarazlığın pozulması

Xroniki yuxusuzluq kortizol – stress hormonunun səviyyəsini sürətlə artırır. Bu isə immunitetə, həzmə, əhval-ruhiyyəyə və hətta xarici görünüşə (dərinin qocalması, sızanaqlar, şişkinlik) mənfi təsir göstərir. Eyni zamanda, melatonin hormonunun istehsalı azalır. Bu hormon həm güclü təbii antioksidantdır, həm də yuxu-oyanıqlıq dövranını tənzimləyir.

Endokrinoloq Katerina Lederlenin sözlərinə görə, TTG hormonunun (tirotrop hormon) səviyyəsi yuxusuzluq zamanı artır və bu, qadınlarda menstrual dövrün pozulmasına, yumurtlamanın dayanmasına, hətta düşüklərə səbəb ola bilər.

Ürək-damar xəstəlikləri riski artır

Amerika Kardiologiya Assosiasiyasının məlumatına əsasən, gündə 6 saatdan az yatmaq infarkt, hipertoniya və insult riskini artırır. Çünki ürək bərpa üçün kifayət qədər istirahət edə bilmir və nəticədə zamanla zəifləyir.

Artıq çəki və şəkərli diabet riski

Yuxusuzluq aclıq hormonlarını dəyişdirir: qrelin artır, leptin isə azalır. Bu, insanı daha çox, xüsusilə yağlı və şəkərli qidalar yeməyə sövq edir. Həmçinin insulinə həssaslıq azalır, bu isə 2-ci tip diabetin inkişafına yol açır.

İmmunitet zəifləyir

Normal immun sistemi üçün yuxu əsas şərtdir. Hətta bir gecəlik yuxusuzluq belə, T-hüceyrələrin və NK (təbii killer) hüceyrələrinin aktivliyini azaldır – bu hüceyrələr virus və xərçəng hüceyrələrinə qarşı mübarizə aparır.

Sağlamlıq məsləhətçisi və yuxu üzrə mütəxəssis doktor Syu Pikok qeyd edir ki, yuxu zamanı orqanizm sitokinlər kimi müdafiəvi maddələr ifraz edir və bu maddələr bakteriyalara və viruslara qarşı mübarizə aparır.

Əhval-ruhiyyə və psixi sağlamlıq

Xroniki yorğunluq təşviş, əsəbilik və apatiya yaradır. Harvard Tibb Məktəbinin araşdırmalarında yuxusuzluqla depressiya arasında birbaşa əlaqə olduğu göstərilir. Yuxusuzluq və narahatlıq bir-birini gücləndirən mənfi dövr yaradır: az yuxu təşviş yaradır, təşviş isə yuxuya mane olur.

Narahatlıq, beynin “döyüş və ya qaç” rejimində qalmasına səbəb olur, bu isə yuxuya getməyi çətinləşdirir. “Yuxu çatışmazlığı, işdə uğur qazanmaq üçün ehtiyac duyduğumuz bütün funksiyalara – düşünmə qabiliyyəti, qərarvermə, yaddaş və diqqətin davamlılığına mənfi təsir göstərir".

Nəticə

Əgər siz davamlı olaraq gündə 6 saatdan az yatırsınızsa, bu sizin bədəninizin “xüsusiliyi” deyil - bu, özünüzü sistemli şəkildə məhv etdiyinizin göstəricisidir. Yuxu nə dəbdəbə, nə də seçimdir. O, bioloji zərurətdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438

Oxşar yazılar