“Tibbi təhsil sahəsində oğlan tələbələrin çatışmazlığı hiss olunur”. Lent-azın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında vurğulayıb.
O bildirib ki, Azərbaycan Tibb Universitetində təhsil alanların 65 faizi qızlardır. Rezidenturaya qəbul olunanlar da əsasən qızlardır. Buna görə də tibb təhsili sahəsində artıq oğlanların çatışmazlığı hiss olunur.
M. Abbaszadə tələbə kontingentinin 50 faizindən çoxunu qızlar təşkil edən digər ali məktəblərin də adlarını açıqlayıb. O bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələrin 85, Bakı Dövlət Universitetində 75, Rəssamlıq Akademiyasında 80, Naxçıvan Müəllimlər Universitetində 90, Azərbaycan Dillər Universitetində 80 faizindən çoxu qızdır.