TQDK sədri: “Son illərdə məzunların sayı azalıb”
28 yanvar 2014 11:37 (UTC +04:00)

TQDK sədri: “Son illərdə məzunların sayı azalıb”

2012-ci illə müqayisədə ötən il dövlət ali təhsil müəssisələrinin qəbul planı 5,52 % (1586 yer), özəl ali təhsil müəssisələrinin qəbul planı isə 15,83 % (853 yer) artıb. Ümumilikdə, qəbul planı 2439 yer (7.15%) artıb”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, plan yerlərinin təhsil formaları üzrə bölgüsünün müqayisəsi göstərir ki, 2013-cü ildə Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 6,37 % artıb: “Ötən il hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər ümumi plan yerlərinin 56,26 %-ni təşkil edib. Azərbaycan və rus bölmələri abituriyentlərinin müsabiqədə birgə iştirak etməsi müsbət nəticə verir. Çünki hər iki bölmənin abituriyentləri bəzən eyni test suallarına cavab verdikləri halda, plan yerlərinin ciddi bölgüsü və müsabiqə vəziyyətinin fərqli olması nəticəsində bu bölmələrin eyni ixtisasları üzrə tamamilə fərqli keçid balları formalaşır. Plan yerləri birgə müsabiqə üçün ayrıldıqda isə həmin yerlərə bölməsindən asılı olmayaraq daha hazırlıqlı gənclər qəbul olunur. Ötən il ali təhsil müəssisələrinə müsabiqədə iştirak etmək hüququ qazananların 89,05 %-i Azərbaycan, 10,95 %-i isə rus bölməsinin abituriyentləri olub. Hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlərin hesabına Azərbaycan bölməsinin abituriyentləri qəbul planının minimum 42.72, maksimum 98.98 faizini, rus bölməsinin abituriyentləri isə minimum 1.02, maksimum 57.28 faizini tuta bilərdilər. Bu isə öz növbəsində Azərbaycan və rus bölmələrinin abituriyentləri arasından ali təhsil müəssisələrinə daha hazırlıqlı gənclərin qəbul olmasına imkan yaradır”.

 

TQDK sədrinin sözlərinə görə, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 100683 abituriyent ərizə verib: “Ərizələrin sayı 2012-ci ildəkindən 0.06 % çox olub. Onların 5889-u orta ixtisas, 479-u ali (2-ci ixtisas kimi), qalanları isə ümumi orta təhsillidir. Sənəd verənlərin sayı ötən ildəkindən 62 nəfər çox olub. Abituriyentlərin 51.35 %-ni (51701 nəfər) oğlanlar, 48.65 %-ni (48982 nəfər) isə qızlar təşkil edib. Göründüyü kimi, qəbul imtahanlarında iştirak edənlərin cinsi tərkibi əhalinin ümumi tərkibinə uyğundur. Ümumiyyətlə, tələbə qəbulunda iştirak edən gənclər cəmiyyətimizin bir çox xüsusiyyətlərini özündə əks etdirirlər. Müasir informasiya texnologiyalarının tətbiqi sayəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında gənclər haqqında çoxşaxəli informasiya bazası formalaşıb”.

 

M. Abbaszadə onu da vurğulayıb ki, 2013-cü ildə ümumi təhsil müəssisələrinin 88697 məzunu olub: “Son doqquz ildə məzunların sayı 34411 nəfər azalıb. Bu meyl artıq bir neçə ildir ki, müşahidə olunur. Son doqquz ildə məzunların sayı 27.95 % azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. Ötən il sənəd verənlərin 60.66 faizini builki məzunlar təşkil edib. Müqayisə üçün bildirək ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının nisbi payı 55.63 faiz, 2011-ci ildə isə 58.39, 2012-ci ildə isə 58.84 faiz olub”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 515

Oxşar yazılar