“Azərbaycanın orta məktəblərində mürəkkəb və böyük məsələləri həll etmək lazımdır ki, qiymətləndirmə ilə əlaqədar hansısa dəyişiklikləri həyata keçirmək mümkün olsun.
Qiymətləndirmənin dəyişməsi ilə deyil, tədris prosesinin özünün, tədrisdə iştirak edən müəllimlərin bilik səviyyəsi yüksək, istifadə olunan dərsliklərin keyfiyyəti uşaqların biliyinə uyğun olmalıdır”.
Bunu APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O qeyd edib ki, təhsil sistemi yalnız özü-özünü qorumaq üçün fəaliyyət göstərməməlidir: “Təhsil sisteminin bütün pillələrində uşaqlar öyrədilməlidir. Apardığımız bütün işlərdə onların tərəfini saxlamalı və müdafiə etməliyik. Bu proses bütövlükdə onlara qulluq etməlidir. Proqramı mürəkkəbləşdirməklə uşaqları cəzalandırmaq düzgün deyil. Müəllim tədris prosesində proqramdan istifadə edə bilmirsə, ona uyğun normal dərslik yoxdursa, proqramın çətinləşdirilməsinə nə ehtiyac var?”
M. Abbaszadə əlavə edib ki, komissiya bütün qəbul imtahanlarında qiymətləndirmə prosedurlarını tam elmi-əsaslarla aparır. Onun sözlərinə görə, çox zaman komissiyaya təqdim olunan proqramlar, kurrikulumlar reallıqda uşaqlarda bilikləri ilə fərqli olur: “Nəinki uşaqlar, hətta müəllimlərlə söhbət aparanda görürük ki, proqramlar, dərsliklər dəyişilir, amma müəllimlər bu yeni bilikləri özləri mənimsəmirlər. Ona görə də imtahanlarda iştirak edən uşaqların müəyyən problemləri yaranır. Müəllimlər bildiyinin yalnız əlli faizini uşağa öyrədə bilər. Əgər müəllim özü yeni proqramı mənimsəməyibsə, kurrikulumun tələblərini yaxşı başa düşmürsə, təhsil standartlarını bilmirsə, o zaman bu, çox mürəkkəb məsələlərə səbəb olur”.