Türkiyə və Azərbaycan amili Qafqazda sülhün, sabitlik və rifahın təmin olunması baxımından çox mühüm faktordur. Azərbaycan Resublikası Prezidenti İlham Əliyevin növbəti dəfə prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi bu fikri bir daha təsdiqləyir. Azərbaycan-Türkiyə əlaqələri tarixi köklərə, mədəni-mənəvi birliyə, dini həmrəyliyə, milli eyniliyə əsaslanır.
Həm ikitərəfli, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdə istər hərbi, siyasi, iqtisadi, ticarət, istərsə də mədəniyyət sahələrində Türkiyə-Azərbaycan əlaqələrinin vəziyyəti, daha da genişləndirilməsi, perspektivli gələcək baxımından səmərəliliyi nəzərdən keçirildi. İki ölkə arasındakı iqtisadi əlaqələrin təsir sferası, siyasi münasibətlərin arzuolunan səviyyəsi, hərbi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı müzakirələr reallaşdı. Hazırda dövlətlərarası ticarətin həcmi 4,2 milyard dollara çatmışdır. Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi əlaqələr ənənəvi strategiyanın saxlanılması fonunda, dövrün reallıqları ilə uzlaşan yeniləşmiş formatda davam edir. Azərbaycanın xaricə qoyulan ən böyük sərmayələri Türkiyəyə qoyulacaq sərmayələrdir. Türkiyədən Azərbaycana qoyulan sərmayələr iqtisadi inkişafın sürətlənməsinə təkan verməklə, etibarlı əməkdaşlıq, qarşılıqlı etimad üzərində qurulan bağlılığı daha da gücləndirir. Türkiyə-Azərbaycan birliyi regional əməkdaşlığın, birgə tərəfdaşlıq şəklində bölgə dövlətləri ilə münasibətlərin genişlənməsi amilinə də müsbət təsir göstərir.
Prezidentin Türkiyə səfəri və səsləndirilən fikirlər Türkiyə-Azərbaycan münasibətlərinin dünəni, bugünü və gələcəyi haqqında aydın təsəvvür formalaşdırmaq baxımından əhəmiyyətli bir hadisə kimi özünü doğrutdu. Səfər bu münasibətlərin qədim milli, dini, mədəni bağlılığa dayandığını, möhkəm təməllərə əsaslandığını, ayrılmaz tellərə söykəndiyini bir daha sübut etdi. Dövlət başçısının da vurğuladığı kimi “Türkiyə və Azərbaycan dünya çapında bir-birinə ən yaxın olan ölkələrdir. Bəlkə də dünyada ikinci belə ölkələr tapmaq çətindir ki, bir-birinə bu qədər bağlı olsun, bir-birinə bu qədər dəstək versin. Bu dəstək bizi gücləndirir”.
Səfər çərçivəsində Prezident İlham Əliyevə Türkiyənin ən yüksək ordeni olan “Dövlət nişanı” ilə təlf olundu. Cənab Prezident isə müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin adını daşıyan “Heydər Əliyev” ordenini Abdullah Gülə təqdim etdi. Bütün bunlar iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin, siyasi, iqtisadi birlikdən çox, milli-mədəni həmrəyliyin üstünlüyünün təsdiqedici faktorlarından biri oldu.
Türkiyə səfəri Prezident İlham Əliyevin daim vurğuladığı “türk əsri” reallığının Türkiyə-Azərbaycan liderliyi ilə imza atılacağı mümkünlüyünü də təsdiqlədi. Qlobal miqyaslı problemlərin artdığı, dövlətlərin təkbaşına mürəkkəb məsələləri həll etməsi mümükünsüzlüyünün dərk olunması birlik ideyasını daha da qabardır, türk birliyi ideyasını günümüz üçün daha da aktuallaşdırır. Bu aparıcı tendensiya isə Türkiyə-Azərbaycan kollektiv fəaliyyəti və çevik siyasəti nəticəsində həyata keçə bilər. Bunun üçün Türkiyə-Azərbaycan müştərək siyasətinin dərinləşməsi, dostluğa dayanan siyasi birliyin daha da genişlənməsi zəruruidir.
Nailə Məmmədova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı