“Son 2 ildə Bakı şəhəri üzrə qəbul imtahanlarında iştirak edən məzunların qəbul olunma göstəriciləri artıb. Belə ki, 2012-ci ildə imtahanda iştirak edən məzunların 51,75 %-i, ötən il isə 55,91 %-i ali məktəbə qəbul olub”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.
O qeyd edib ki, abituriyentlərin qəbul imtahanlarında topladığı orta bal 2012-ci illə müqayisədə artıb. 2012-ci ildə Bakı məzunlarının qəbul imtahanlarında topladığı orta bal 238, 911-ə, 2013-cü ildə isə 244,737-ə bərabər olub. “Ötən ilin bu nəticəsi respublika üzrə orta göstəricidən 8,4%-dən yuxarıdır. Bakı şəhəri imtahan fənləri üzrə yüksək nəticə göstərmiş təhsil şöbələri arasında 10-cu yerdə dayanır”.
Paytaxtın Azərbaycan bölməsi abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 244.737-yə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 8.4% yuxarıdır. Şəhərin Azərbaycan bölməsi abituriyentlərinin biologiya fənni üzrə göstəricisi respublikanın orta göstəricisindən aşağıdır. Fərq 3.10 % təşkil edir. Ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, tarix, coğrafiya və ingilis dili fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır.
Bakının rus bölməsi abituriyentlərinin göstəriciləri biologiya və coğrafiya fənləri üzrə respublikanın orta göstəricilərindən aşağıdır. Fərq – biologiyadan - 2.64%, coğrafiyadan - 1.63% təşkil edir. Şəhərin ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, tarix, ingilis dili fənləri üzrə göstəriciləri respublika üzrə orta göstəricilərdən yuxarıdır. Ədəbiyyat, riyaziyyat, kimya, biologiya, tarix və ingilis dili fənləri üzrə göstəriciləri isə respublika üzrə ən yüksək göstəriciyə bərabərdir”.
TQDK sədri onu da vurğulayıb ki, ümumilikdə 2013-cü ildə Bakının ümumtəhsil müəssisələrini 20041 şagird bitirib, onların 19456 nəfəri buraxılış imtahanında iştirak edib. Ümumilikdə 19952 nəfər attestat alıb. Attestat alanların 84.24 %-i (16807 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən, şəhərin 9396 məzunu (imtahanda iştirak edənlərin 55.91 %-i) tələbə adını qazanıb. Onların 34.26 %-i (3219 nəfəri) dövlət, 1.01%-i (95 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 48.49 %-i (4556 nəfəri) dövlət, 16.24%-i (1526 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.