Fevralın 11-dən 17-si saat 11.00-dək ali məktəblərin magistratura pilləsinə sənəd verən 9522 bakalavr internetlə elektron ərizəsini təsdiqlədib. Bunu Lent.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, sənəd verənlərin 8059 nəfəri Azərbaycan bölməsinin, qalanları isə rus bölməsinin payına düşür.
Rezidenturaya sənəd verən 543 nəfər (445 nəfəri Azərbaycan bölməsi, 98 nəfəri rus bölməsi) sənədlərini təsdiq etdirib.
Qeyd edək ki, magistratura və rezidenturaya ərizə qəbulu fevralın 20-də başa çatacaq. Magistraturaya qəbul imtahanının birinci mərhələsi martın 2-də, ikinci mərhələsi isə mayın 25-də keçiriləcək. Proqram seçimi mayın 1-dən 5-dək, ixtisas seçimi isə mayın 29-dan iyunun 1-dək olacaq.
Rezidenturaya isə qəbul imtahanları isə martın 30-da (I mərhələ) və iyulun 27-də (II mərhələ) keçiriləcək.