Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər test imtahanı verəcəklər. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Yanvarın 11-də Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
Sənədlərin qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılıb, müsabiqədə iştirak etmək üçün 706 nəfərin namizədliyi qeydə alınıb. İmtahan zamanı namizədlərə 100 sualdan ibarət test tapşırığı təqdim olunacaq. 80 sual namizədlərin hüquq sahəsi üzrə biliyini, 20 sual isə onların məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir.
Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Nəticələr hesablandıqda səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir.
Cavablar həmin gün TQDK-nın internet saytında yerləşdiriləcək və nəticələr Vəkillər Kollegiyasına təqdim olunacaq. Namizədlərə bilavasitə sənəd verdikləri komissiyada ballar haqqında arayış veriləcək.
Test imtahanından 60 və daha çox bal toplayan namizədlər növbəti mərhələyə buraxılacaqlar.