“Toyuq dönərləri əhali üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır”.
Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev söyləyib.
İmran Abdullyaev deyib ki, dönərxanalara nəzarət istiqamətində bir çox işlər görsələr də, bu, yetərli deyil. Onun sözlərinə görə, öncəki illər, o cümlədən keçən il yüzlərlə dönərxana işlədənlər cəzalandırılıb, cərimə edilib: “Ancaq cərimələrin miqdarı 150-200 manatdır, cərimələyirik, cəriməni ödəyib, yenə də əvvəlki formada fəaliyyət göstərirlər. Çünki 200 manat dönərxana işlədənlər üçün böyük məbləğ deyil. Ona görə də bu sahədə cərimələrin miqdarının artırılmasına ehtiyac var”.
İmran Abdullayev Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 2006-cı ildən toyuq dönərinin satışının qadağan edilməsinə baxmayaraq, hələ də bir çox dönərxanalarda toyuq dönəri satıldığını bildirib: “Biz toyuq dönəri satışı ilə bağlı obyektin fəaliyyətini dayandırırıq. Sahibi də oranı təmir etdirir, bir müddət sonra obyekt yenə fəaliyyətə başlayır, yenə də toyuq dönəri satır. Toyuq əti infeksiyalaşmaya meyllidir. Ancaq buna baxmayaraq, əhali toyuq dönərinə meyllənir. Bu ilin ikinci yarısında biz bu məsələni yenə də diqqət mərkəzində saxlayacağıq. Ancaq bir daha qeyd etmək istəyirəm ki, bu kimi hallara qarşı səmərəli mübarizə aparılması üçün cərimələrin miqdarı qaldırılmalıdır”.
İmran Abdullayev hələ ki, dönərlə bağlı zəhərlənmə halının qeydə alınmadığını da bildirib: “Belə məhsullar əsasən ilin isti aylarında təhlükəlidir. Tutaq ki, toyuq dönəri saatlarla gün altında qalır. Bu halda həmin məhsul insan üçün ciddi təhlükə mənbəyinə çevrilir. Ona görə də qarşıdakı yay aylarında bu sahəyə diqqətimizi artıracağıq”.
Qidalanma gigiyenası şöbəsinin müdiri dönərdən zəhərlənmə ilə bağlı sonuncu faktın keçən il Bakı şəhəri Nərimanov rayonunda qeydə alındığını xatırladıb: “Biz həmin vaxt materialları Nərimanov Rayon Prokurorluğuna təqdim etdik. Yəqin ki, materialları araşdıraraq müvafiq tədbirlər görüblər”.