Təhsil Nazirliyi ali məktəblərdə imtahanların yazılı, yaxud testlə aparılması məsələsinə aydınlıq gətirib.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, ali təhsil müəssisələrində kurs imtahanları 1994-cü ildən başlayaraq yazılı şəkildə və ya test üsulu ilə keçirilir. Bu proses Təhsil Nazirliyinin 11.10.1994-cü il tarixli əmri ilə təsdiq edilmiş “Ali məktəblərin kurs imtahanları və məqbulları haqqında Əsasnamə”sinə əsasən icra edilib.
Təhsil Nazirliyinin 11.09.2008-ci il tarixli əmri ilə ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi ilə əlaqədar “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə” təsdiq edilib. Bu Əsasnaməyə görə, tələbələrin biliyinin qiymətləndirilməsi üçün imtahanların bir qayda olaraq, yazılı şəkildə aparılması nəzərdə tutulur.