Tibbi-sosial reabilitasiya mütəxəssisləri üçün seminar keçirilib
26 sentyabr 2014 12:25 (UTC +04:00)

Tibbi-sosial reabilitasiya mütəxəssisləri üçün seminar keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində Avropa İttifaqının “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin ekspertləri ilə birgə seminar keçirilib.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, seminarda məqsəd tibbi-sosial reabilitasiya sahəsində çalışan mütəxəssislər üçün uzunmüddətli tədris proqramının hazırlanması ilə bağlı məsələlərin müzakirəsi olub.

 

Mərkəzin direktoru Vüqar Həsənov ƏƏSMN tərəfindən tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi üzrə görülən işlər sırasında müvafiq mütəxəssis potensialının gücləndirilməsinin və bu sahədə peşəkarlıq səviyyəsinin yüksəldilməsinin mühüm yer tutduğunu vurğulayıb. Bildirilib ki, bu işlərdə, eləcə də tibbi-sosial reabilitasiya üzrə uzunmüddətli tədris proqramının hazırlanmasında qeyd olunan Tvinninq layihəsi çərçivəsində qabaqcıl Avropa təcrübəsindən və avropalı mütəxəssislərin ekspert dəstəyindən istifadə olunur. 

 

İşgüzar müzakirə şəraitində keçən seminarda uzunmüddətli tədris proqramına daxil ediləcək mövzular müəyyən olunub. Həmçinin tibbi-sosial reabilitasiya mütəxəssisləri üçün təşkil ediləcək ixtisasartırma kurslarını aparacaq təlimçilərin hazırlanması, bu məqsədlə tədris mərkəzinin əməkdaşları üçün treninqlərin təşkili  məsələləri nəzərdən keçirilib. Seminar iştirakçıları tibbi-sosial reabilitasiya sahəsində qiymətləndirmə formasını da müzakirə ediblər. Tədbirdə Tvinninq layihəsinin ekspertləri tərəfindən tibbi-sosial reabilitasiya sahəsinə dair beynəlxalq təcrübə barədə məlumatlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 614

Oxşar yazılar