Martın 1-də 35/10 kV-luq «Sarıcalı» yarımstansiyasının və «Azərişıq» ASC-nin Tərtər Elektrik Şəbəkəsinin yeni ofis binasının açılış mərasimi keçirilib.
Azərişıq ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, cəbhə bölgəsinə yaxınlıqda yerləşən 35 kV-luq Dəmirçilər və İsmayılbəyli hava xətləri ötən ilin aprel döyüşləri zamanı erməni işğalçılarının artilleriya atəşi nəticəsində sıradan çıxsa da, gərgin əmək nəticəsində dərhal bərpa olunub.
Ermənilər tərəfindən işğal olunan və sonra geri alınan Çaylı kəndinə 450 metr 6 kV-luq, 2 km 0.4 kV-luq hava xətti çəkilib, 1 ədəd transformator məntəqəsi quraşdırılıb. Bununla da 22 il elektrik enerjisiz qalan Çaylı kəndində elektrik enerisi bərpa olunub.
Bundan başqa rayonda 0,4 kV-luq elektrik veriliş xətlərində köhnə, çürük taxtadan olan dirəklər 2900 ədəd metal dayaqla əvəzlənib, 101 km kabel çəkilib, 2055 ədəd yeni dayaq quraşdırılıb, 603 ədəd izolyator, 20190 metr naqil dəyişdirilib ki, bu işlərin bir hissəsi də İsmayılbəyli kəndi ərazisində Tərtər - Ağdam yolunun kənarında məskunlaşmış qaçqın qəsəbəsində həyata keçirilib. Həmçinin tam bərbad vəziyyətdə olan Azadqaraqoyunlu, Köçərli, Poladlı kəndlərində müxtəlif güclü 4 ədəd komplekt transformator məntəqəsi yenidən qurulub.
Ümumilikdə rayonda 40-dan çox komplekt transformator məntəqəsi quraşdırılıb.
Bundan başqa Tərtər Seydimli kəndinin üstündə yerləşən istismar müddətini başa vurmuş 35/6 kV-luq yarımstansiya ləğv edilərək yarımstansiyadan qidalanan hava xətləri 110/35/6 kV-luq Tərtər yarımstansiyasına köçürülüb. Yarımstansiyada 10 ədəd Eleqaz açar tipli yuvalar quraşdırılıb, 6 kV-luq xətlərin çıxışı üçün 1133 metr XLPE markalı, 6200 metr AS- 50 markalı naqil çəkilib, 17 ədədi ikidövrəli olmaqla 29 ədəd dayaq quraşdırılıb. 110 kV-luq EVX -də cari və əsaslı təmir işləri görülülüb və 120 ədəd izolyator yenilənib.
Paralel olaraq 35 kV-luq İsmayılbəyli - 110 kV-luq Ağdam (Təzəkənd) yarımstansiyasına birləşdirəcək hava xətlərinə 61 ədəd metal dayaq quraşdırılıb ki, bu iş hazırda da davam etdirilir.
35/10 kV-luq “Sarıcalı” yarımstansiya müasir tələblərə cavab verən səviyyədə yenidən qurulub, əvvəl 1 transformatorlu olub. 2-ci 10 MVA gücündə transformator quraşdırılıb. Həmçinin 35 kV-luq İsmayılbəyli yarımstansiyasında da yeni transformator quraşdırılmaqla çıxış naqilləri dəyişdirilib.
10/6 kV-luq elektrik veriliş xətləri üçün 525 ədəd dayaq quraşdırılıb. Müxtəlif sayda metal başlıq və izolyatorlar, 7 000 metrə yaxın naqil dəyişdirilib. O cümlədən 3,5 km məsafədə 10 kV-luq Borsunlu hava xətti yenidən çəkilib.
Ümumilikdə Tərtər rayonunda 18 min abonent var ki, bu da 100 mindən çox əhali deməkdir.
Qeyd edək ki, 52 kənddən ibarət Tərtərin rayon mərkəzinin özü, Qapanlı, Hacıqərvənd, Borsunlu kəndləri daxil 10-a yaxın kənddə əsaslı təmir, yenidənqurma işləri başa çatıb. Digər kəndlərdə də təmir yenidənqurma işləri davam etdirilir.
Tərtər-Goranboy-Gəncə yeni magistral yolun tikintisi ilə əlaqədar hazırda hava elektrik veriliş xəttinin köçürülməsi prosesi aparılır ki, bu da ümumilikdə 3 km-ə yaxın məsafədə 70-dən artıq dayaq köçürülməsi deməkdir. Bu məqsədlə ərazidə artıq bir ədəd komplekt transformator məntəqəsi də quraşdırılıb.
Bu işlərlə yanaşı əkinçiliyin inkişafı ilə bağlı yeni qurulan 15 ədəd artezian quyuları elektrik enerjisi ilə təmin edilib və bu proses davam edir.
Bildirək ki, işin səmərəliliyini artırmaq, şəffaflığı gücləndirmək, vaxt itkisini aradan qaldırmaq üçün şəbəkədə elektron xidmətlər təşkil olunub, ASAN Xidmətlə inteqrasiya edilib. Həmçinin "Azərişıq” ASC tərəfındən Tərtər Elektrik Şəbəkəsinə müasir tələblərə cavab verən ofis binası tikilib.
Yeni inşa edilmiş yarımstansiya və ofis binasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirak edən Tərtər Rayonu İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və “Azərişıq” ASC sədrinin müavini Vüqar Əhmədov son illər ölkənin hər yerində elektrik enerjisi təchizatı sisteminin yenidən qurulduğunu, rayon, şəhər, qəsəbə və kəndlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı istiqamətində məqsədyönlü işlər aparıldığını qeyd ediblər.