Təmayül sinifləri üçün yeni dərsliklər hazırlanacaq
Qarşıda ölkə üzrə təmayülləşmənin tətbiqi vəziyyətinin təhlili, əhatə dairəsinin daha da genişləndirilməsi, təmayül sinifləri üçün yeni proqram və dərsliklərin hazırlanması, peşəkar və səriştəli müəllimlərin cəlb edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi vəzifəsi dayanıb.
Lent.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, ümumi təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək kompetensiyalara yiyələnmək imkanı yaratmaq məqsədi ilə tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsi genişləndirilib, 2140 sinifdə 47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib. Bu da X-XI siniflərdə təhsil alan şagirdlərin təxminən 30 faizini təşkil edib. Təmayül siniflər üçün tədris planları və proqramları hazırlaıb və tətbiq edilib: "İlkin təhlillər göstərir ki, təmayül siniflərini bitirən məzunlar ali məktəblərə qəbulda daha yüksək nəticələr nümayiş etdirir və akademik nailiyyətləri ilə fərqlənirlər. Hər bir şagirdə təmayül istiqamətinə uyğun peşəkar bacarıqların aşılanması məqsədilə "Ümumi təhsil haqqında” Qanunda təmayül siniflərində şagird sayı əvvəlki 20 nəfərdən 15 nəfərə endirilib".
C.Bayramov deyib ki, dərslik hazırlığı sahəsində daha bir yenilik ondan ibarətdir ki, Təhsil İnstitutu nəzdində Tədris Resursları Mərkəzi yaradılıb və yeni məzmun konsepsiyası əsasında ümumtəhsil məktəbləri üçün ehtiyat dərsliklərin hazırlanmasına başlanıb: "İlkin mərhələdə I siniflər üçün Ana dili və riyaziyyat dərslikləri hazırlanıb və hazırda 100-dən çox məktəbdə sınaqdan keçirilməkdədir. Növbəti addım həmin dərsliklərin pilot tətbiqi və II siniflər üçün dərsliklərin hazırlanması olacaq".
764