Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanda təhsil vasitəsilə insan alverinin qarşısının alınması üzrə maarifləndirmənin gücləndirilməsi” layihə çərçivəsində Azərbaycan Uşaq Birliyi və "Savadlı Cəmiyyət" Müasir Təhsilə Dəstək İctimai Birliyi ilə Qubada Gənclərin Qış Məktəbini təşkil edib.
Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan İctimai-Siyasi Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası tələbələrinin təmsil olunduğu tədbirdə “İnsan alveri nədir?”, “İnsan alverinin qarşısının alınması yolları”, “Cəlbetmə yolları və istismar formaları”, “Təhlükəsiz miqrasiya”, “Yaşıddan-yaşıda təhsil” və s. mövzular üzrə təlimlər keçirilib. Qeyd etmək lazımdır ki, iştirakçılar eyni zamanda respublikanın müxtəlif yerli QHT-lərində və gənclər təşkilatlarında könüllü, sosial işçi və aktiv üzlər kimi fəaliyyət göstərirlər.
İştirakçılar qış məktəbində əldə etdikləri bilikləri gələcəkdə öz icmalarında, oxuduqları təhsil ocaqlarında və işlədikləri qurumların benefisiarları arasında yaymağı planlaşdırırlar. Qış Məktəbi zamanı iştirakçılar üçün intellektual oyunlar, yarışlar, enercayzerlər və digər əyləncələr keçirilib.
İştirakçıların Quba şəhərində yerləşən Quba kütləvi məzarlığına ekskursiyası təşkil olundu. Sonda Qış Məktəbinin iştirakçıları sertifikatlar ilə təltif olunub.