İnformasion cəmiyyətə doğru
25 oktyabr 2013 11:04 (UTC +04:00)

İnformasion cəmiyyətə doğru

Qloballaşan dünyada intellektual potensial artdıqca müasir dövrün tərəqqi amilində çıxış edən yeni texnologiyalara tələbkarlıq da artır. Texnologiyaların insan həyatına sürətlə nüfuz etməsi təqzibedilməz faktordur.  İnnovativ informasiya texnologiyalarının cəmiyyətin inkişafında, bilik və təcrübə mübadilələrinin aparılmasında, mühüm əməkdaşlıq əlaqələrinin qurulmasında oynadığı rol xüsusi qeyd edilməlidir. Şübhəsizdir ki, “informasiya əsri” kimi xarakterizə olunan XXI əsr yeni texnologiyaların tətbiqi, istifadəsi və mübadiləsi ilə yadda qalacaqdır. İnformasiya texnologiyaları istər çoxşaxəli xidmət sürətində, istərsə də həyata  keçirilən fəaliyyətdə effektivliyin artmasına imkan verir.

 

Bu gün dünyada uğurlu siyasi və iqtisadi inkişafa, çoxəsrlik zəngin tarixi ənənəyə, müxtəlif xalqların ümumi yaşayışının təhlükəsiz təminatının tolerant mühitinə malik olan Azərbaycan üçün müasir texnologiyalardan istifadə aktualdır. Respublikamızda reallaşan məqsədyönlü inkişaf modeli neft amilindən asılılığın ləğvinə, alternativ mənbələrdən istifadəyə yönlənmişdir. Bu strateji xəttin əsas qolunu  İKT sektorunun sürətli inkişafı, neft gəlirlərinin İKT gəlirləri ilə əvəzlənməsi təşkil edir. Artıq bu istiqamətdə çevik addımlar atılmış,  mərhələlər üzrə nəticəvi işlər görülmüşdür. Son illər Azərbaycan Respublikasında informasiya kommunikasiya texnologiyalarının inkişafı, mövcud potensialdan maksimum şəkildə istifadə olunması və Respublikanın informasion potensialının beynəlxalq aləmdə tanınması,  eyni zamanda dünyanın inkişaf etmiş dövlətlərinin təcrübəsini ehtiva edən ardıcıl, məqsədyönlü, strateji “elektron inkişaf modeli” həyata keçirilməkdədir. Bu öhdəliklər isə informasiya-kommunikasiya texnologiyaları sahəsində dövlət siyasətini həyata keçirən  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində təcəssüm olunmuşdur. Yeni texnologiyaların tətbiqi və inkişafı çərçivəsində qəbul edilən çoxsaylı hüquqi-normativ aktlar məhz ölkənin elektron imkanlarından səmərəli şəkildə yararlanması məqsədini daşıyır.

 

Hal-hazırda Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son 5-7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir. Son illərdə məqsədyönlü dövlət siyasəti nəticəsində ölkənin İKT sektoru hər üç ildə  2 dəfə artıb və son 8-10 ildə orta illik artım tempi 20-25 faiz təşkil edib. Bu artım tempi ümumdünya inkişaf tempini 2-3 dəfə qabaqlayır. “Dünya İqtisadi Forumunun Qlobal İnformasiya Texnologiyaları - 2012” (“The Global Information Technology Report 2012”)  hesabatında Azərbaycan “Şəbəkələşmə hazırlığı indeksi”nə görə (Networked Readiness Index) əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksəlib. Bu hesabata əsasən, ölkəmiz hər 100 nəfərə düşən internet istifadəçilərinin say çoxluğuna görə MDB-də I yerdədir. Artıq Azərbaycanın adı suni peykə malik azsaylı dövlətlər sırasında çəkilir və 2016-cı  il üçün ikinci peykin də orbitə çıxarılması gözlənilir.

 

Müasir dövrdə dövlətin iqtisadi qüdrətinin göstəricisi məhz informasiya-kommunikasiya texnologiyalarına sahiblik dərəcəsinə görə ölçülür. Bu baxımdan Respubikamız da informasiya cəmiyyətinə keçilməsini, yeni texnologiyaların cəmiyyətin bütün sahələrinə tətbiqini əsas vəzifələrdən biri kimi qarşıya qoymuşdur. Təsadüfi deyildir ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da vurğulanmışdır ki, 2020-ci ilə qədər informasiya cəmiyyətinə keçid təmin edilməli, innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyat qurulmalı, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyət genişləndirilməlidir. 

 

Nailə Məmmədova

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1300
avatar

Oxşar yazılar