Prezident yanında Təhsil üzrə Komissiya tərəfindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş növbəti 17 namizəd barədə müsbət qərar qəbul olunub. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Bu il Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş namizədlərdən 783 nəfəri barədə müsbət qərar qəbul edilib. Bununla da xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ili üçün tələbələrin seçim prosesi başa çatıb.
Təhsil Nazirliyi Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış bütün tələbələri təbrik edir, onların Azərbaycanın gələcək inkişafına töhfələr verəcəyinə əminliyini bildirir.