Təhsil Nazirliyi media nümayəndələrinin İsmayıllı rayonuna səfərini təşkil edib. Lent.az-ın məlumatına görə, səfərdə Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri və təhsil mütəxəssisləri də iştirak ediblər.
Səfər çərçivəsində İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan hədəflərin müzakirəsinə həsr olunmuş “Dəyirmi masa” keçirilib.
İsmayıllı rayonundan 200 nəfərə yaxın təhsil işçisinin və ictimaiyyət nümayəndələrinin də qatıldığı “Dəyirmi masa”da Dövlət Strategiyası çərçivəsində təhsilin inkişaf prioritetləri və keyfiyyətin təmin edilməsi barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə təhsilin məzmun islahatları, müəllim əməyinin diferensial qiymətləndirilməsi, bölgə müəllimlərinin karyera inkişafı, səciyyəvi problemləri və digər məsələlərə toxunulub. Dövlət Strategiyasında nəzərdə tutulmuş müddəaların uğurla həyata keçirilməsi üçün ictimai dəstəyin əhəmiyyəti qeyd olunub, bölgələrdəki məktəblərdə çalışanların müvafiq islahat və yeniliklərə hazır olmasının zəruriliyi vurğulanıb. Qeyd olunub ki, Dövlət Strategiyasının qəbulundan ötən 2 ay ərzində təşkil olunmuş bütün “Dəyirmi masa”lar strategiyanın təhsil ictimaiyyəti və valideynlər tərəfindən daha düzgün dəyərləndirilməsi məqsədlərinə xidmət edir.
İsmayıllı şəhər 1, 2 və 3 saylı, Lahıc qəsəbə, Cülyan, İvanovka, Talıstan, Qurban Əfəndi, Ruşan, Qoşakənd və Təzəkənd kənd tam orta məktəblərin direktorları və müəllimlər çıxış edərək Dövlət Strategiyasında qarşıya qoyulmuş ümdə vəzifələrin yerlərdə daha dolğun izahı baxımından belə tədbirlərin əhəmiyyəti haqqında fikirlərini bildiriblər. Müzakirələrin sonunda müəllimləri, ictimaiyyət nümayəndələrini və media təmsilçilərini maraqlandıran suallar cavablandırılıb.
Təhsil Nazirliyinin rəsmiləri qeyd ediblər ki, “Dəyirmi masa”da irəli sürülmüş bütün təkliflər ümumiləşdirilərək Təhsil Nazirliyinə təqdim olunacaq..
Lahıca buzlu, çətin yollarla gedərkən düşündük ki, burada təhsilin səviyyəsi o qədər də yüksək olmaz. Ancaq məktəblə tanışlıqdan sonra fikrimizdən daşındıq. Belə ki Lahıc orta məktəbində iki “ağıllı lövhə”nin olması, məktəbin informasiya texnologiyaları ilə təchiz edilməsi bizdə müsbət təəssüratlar oyatdı. Necə deyərlər, zəhmət, həvəs olan yerdə hər şey mümkündür.
Qeyd edək ki, Lahıc qəsəbə tam orta məktəbi 2013-cü ildə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Elektron təhsil” Respublika müsabiqələrinin qalibi seçilib. Məktəbin fizika müəllimi Rövşən Əliyev isə "Azərbaycan Respublikasının əməkdar müəllimi" və 2009-2010-cu tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi adına layiq görülüb. VI sinif üzrə “Fizika” dərsliyinin həmmüəllifi R.Əliyev tədris etdiyi “Açıq dərs”də fəal interaktiv təlim metodlarından səmərəli istifadə etməklə olduqca maraqlı və məzmunlu dərs təşkil etməyə nail olub.
Media nümayəndələri orta məktəblərin fəaliyyəti, müəllimlərin müasir tədris üsullarına dair düşüncələri və təhsil islahatlarına münasibəti ilə yaxından tanış olublar. Beləliklə, nazirlik rəsmilərinin KİV nümayəndələrinin iştirakı ilə regionlardakı təhsil işçilərinin fikir və problemlərini dinləməsi heç şübhəsiz ki, öz müsbət təsirini göstərəcək.