Təhsil Nazirliyi cəbhəyanı ərazilərə mediatur təşkil edib
19 fevral 2015 14:43 (UTC +04:00)

Təhsil Nazirliyi cəbhəyanı ərazilərə mediatur təşkil edib

Təhsil Nazirliyinin Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində cəbhəyanı ərazilərdəki təhsil müəssisələrinə təşkil etdiyi mediatur başlayıb.

 

Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, KİV nümayəndələri və nazirlik rəsmilərinin iştirak etdiyi ilk görüş Ağcabədi rayonu Hindarx qəsəbəsindəki Milli Qəhrəman Etibar İsmayılov adına 1 saylı orta məktəbdə olub. Media nümayəndələri məktəbdə keçirilən bir neçə dərs prosesində iştirak edib. Rayon təhsil şöbəsinin müdiri Mehdi Əhmədov Lent.az-a bildirib ki, Hindarx qəsəbəsi təmas xəttindən 15 km məsafədə yerləşir. Məktəbin direktoru Qaryağdı Qarayev isə bildirib ki, orta məktəbdə 729 şagird təhsil alır. Ali məktəblərə qəbul prosesinə gəlincə, təhsil müəssisəsinin rəhbəri qeyd etdi ki, ötən il məktəbin 14 şagirdi tələbə adını qazanıb. İştirak etdiyimiz dərslərdən biri də hərbi dərs idi. Burada şagirdlərə Xocalı faciəsi, eləcə də döyüşlərdə istifadə edilən silah-sursatlar barədə geniş məlumat verildi. Lakin təəssüf doğuran məqamlardan biri odur ki, cəbhə bölgəsində yerləşən məktəbdə hərbi dərslər əyani vasitələr (lazımi silah-sursat) olmadan keçirilir. Bu da şagirdlərin hərbi biliyinə öz mənfi təsirini göstərir. Təhsil müəssisəsində belə bir problemin olduğunu etiraf ediblər. Bildiriblər ki, silahlar məktəblərdən ötən əsrin 80-ci illərinin sonundan yığışılıb.

 

Qeyd edək ki, səfərin təşkilində məqsəd dövlət başçısının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamına uyğun olaraq, ölkədə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir. Mediatur çərçivəsində KİV təmsilçilərinin cəbhəyanı bölgələrdə yerləşən məktəblərin pedaqoji kollektivləri və şagirdlərlə görüşü təşkil olunacaq. Səfər zamanı pedaqoji kollektiv və şagirdlərin ölkəmizin ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətə görə Milli Qəhrəman adına layiq görülən insanlarla görüşünün keçirilməsi də nəzərdə tutulur. Mediatur çərçivəsində şagirdlərin bölgədə yerləşən N saylı hərbi hissəyə səfəri də təşkil ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204

Oxşar yazılar