Təhsil Nazirliyi Nazirlər Kabinetinin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ, İsveçrə və Çində təhsil alan təqaüdçülərin aylıq təqaüdlərinin məbləğinə dəyişiklik edilməsi haqda qərarına dair açıqlama yayıb. Nazirlikdən Lent.az-a verilən məlumatda qeyd olunur ki, Dövlət Proqramının effektiv və səmərəli icrası istiqamətində islahatlar bundan sonra da davam etdiriləcək. “Əminik ki, Dövlət Proqramı çərçivəsində təhsil alan bütün tələbələr yüksək akademik nailiyyətlərlə məzun olduqdan sonra qarşıya qoyulmuş məqsədlərə uyğun olaraq, Azərbaycanın gələcək inkişafı və xalqımızın rifahı naminə aparılan islahatlar prosesinə öz töhfələrini verəcəklər”.
Dəyişiklik nəticəsində ABŞ-ın yaşayış səviyyəsi yüksək olan şəhərlərinin siyahısına Los-Anceles, San-Fransisko şəhərləri də əlavə edilərək aylıq təqaüdlərin məbləği 1900 ABŞ dollarına, digər şəhərlər üçün isə 1400 ABŞ dollarına çatdırılıb. Eyni zamanda, İsveçrə və Çin (Honkonq və Şanxay şəhərləri) üzrə də aylıq təqaüdlərin məbləği müvafiq ardıcıllıqla 1400 avroya və 1050 ABŞ dollarına qaldırılıb.