“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təqaüdçüləri hər tədris ilinin sonunda Təhsil Nazirliyinə şəxsən gələrək müvafiq hesabat verməli və qeydiyyatdan keçməlidirlər. Bu barədə Lent.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Təqaüdçülərin qeydiyyatı bu gündən oktyabrın 1-dək aparılacaq.
Qeydiyyatdan keçmək üçün tələb olunan sənədlərə təhsil alınan tədris ilinin bitməsi və növbəti tədris ilinə keçmə, eyni zamanda növbəti tədris ilində semestrlərin başlanma və bitmə tarixlərini əks etdirən təhsil müəssisəsi tərəfindən verilmiş rəsmi arayış, qiymət cədvəlindən çıxarış (notarial qaydada Azərbaycan dilinə tərcümə və təsdiq edilmiş), istifadə edilmiş aviabilet (minik talonu ilə birgə), şəxsi bank hesabından çıxarış (Təhsil Nazirliyi tərəfindən köçürülən vəsaitə dair), ümumvətəndaş (xarici) pasportunun surəti, təqaüdçü tərəfindən doldurulmuş müvafiq anket (saytdan yüklənir) daxildir.
Rezidenturada təhsil alan tələbələr həkim-professorlar tərəfindən onları ümumi (ilboyu) fəaliyyətlərini qiymətləndirən arayış təqdim etməlidirlər.