2012-2013-cü tədris ilində 26 ölkədə 1170 nəfər tələbə təhsil alıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib Onlardan 306-sı Türkiyə, 278-i Almaniya, 200-ü Böyük Britaniya, 126-sı Kanada, 46-sı Rusiya, 39-u İsveçrə, 35-i Fransa, 24-ü Cənubi Koreya, 18-i Niderland Krallığı, 17-si Avstraliya, 10-u Avstriya, 7-si Litva və İtaliya, 6-sı Çexiya, 5-i İsveç və İspaniya, 4-ü İrlandiya, 3-ü Malayziya və Finlandiya, 2-si Norveç, Yaponiya, Estoniya, Yeni Zelandiya, Sinqapur və Belçikanın hər birində isə 1 nəfər təhsilini davam etdirib.
Dövlət Proqramı çərçivəsində ən çox tələbə hazırda Türkiyədə təhsil alır. Bu ölkədə tələbələrimizin daha çox təhsil almasının əsas səbəbləri iki ölkə arasındakı tarixi, dil və mədəni baxımından yaxınlığın olması, Türkiyənin inkişaf prosesindəki təcrübənin öyrənilməsinin aktuallığı və həmin ölkənin səfərlərin edilməsi baxımından əlverişli coğrafi məsafədə yerləşməsidir.
Nazirlikdən verilən məlumatda o da qeyd olunur ki, bu günədək “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 1825 nəfər xaricdə təhsil almaq hüququ qazanmışdır. Hazırda Dövlət Proqramı çərçivəsində təhsilini müvəffəqiyyətlə bitirən məzunların sayı 478 nəfərdir.
Dövlət hesabına xaricdə təhsil alan gənclərimizdən xarici ölkələrdə qalıb təhsilini növbəti səviyyələr üzrə davam etdirən və ya nüfuzlu beynəlxalq təşkilat, şirkətlərdə aparıcı mövqelərdə çalışanlar var.