Təhsil naziri Mikayıl Cabbarov məktəblilərin beynəlxalq fizika, kimya, biologiya və riyaziyyat olimpiadalarında Azərbaycan komandalarının iştirakı barədə əmrlər imzalayıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Əmrlərə əsasən, beynəlxalq olimpiadalarda Azərbaycanı təmsil edəcək komandaların tərkibi müəyyənləşdirilib və onların iştirakının təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.
44-cü Beynəlxalq Fizika Olimpiadası iyulun 7-dən iyulun 15-dək Danimarkanın Kopenhagen şəhərində, 45-ci Beynəlxalq Kimya Olimpiadası 15-24 iyul 2013-cü il tarixlərində Moskva şəhərində, 24-cü Beynəlxalq Biologiya Olimpiadası 14-21 iyul 2013-cü il tarixlərində İsveçrənin Bern şəhərində, Beynəlxalq Riyaziyyat Olimpiadası 18-28 iyul 2013-cü il tarixlərində Kolumbiyanın Santa Mariya şəhərində keçiriləcək.
Beynəlxalq olimpiadalarda Azərbaycanı Bakı, Gəncə, Sumqayıt, Şirvan, Şəki, Lənkəran, Ağdaş və Qubada fəaliyyət göstərən məktəblərdə təhsil alan 19 şagird təmsil edəcək.
Anar MƏCİDZADƏ