Təcili Yardım HƏYƏCAN TƏBİLİ çaldı: “Ehtiyatlı olun!”
07 dekabr 2013 16:06 (UTC +04:00)

Təcili Yardım HƏYƏCAN TƏBİLİ çaldı: “Ehtiyatlı olun!”

 

 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BŞTTTYS) son vaxtlar dəm qazından zəhərlənmələrin artması ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edib. Stansiyanın Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova Lent.az-a açıqlamasında vətəndaşları ehtiyatlı olmağa çağırıb: “Vətəndaşlar istər mənzillərdə, istərsə də vanna otağında quraşdırılan qaz cihazları ilə bağlı ehtiyatlı olsunlar. Həmin cihazlar mütəxəssislər tərəfindən quraşdırılmalıdır”.

 

 

Z. Vahidovanın sözlərinə görə, bu ilin oktyabr ayı ərzində dəm qazından zəhərlənmə ilə bağlı təcili yardıma müraciət edənlərin sayı 65 nəfər olub: “Onlardan 53 nəfəri xəstəxanaya yerləşdirilib. Noyabrda isə qeyd olunan halla bağlı 127 nəfər müraciət edib, onlardan xəstəxanaya yerləşdirilənlərin sayı 93 nəfər olub”.

 

Baş həkimin sözlərinə görə, nə oktyabr, nə də noyabrda dəm qazından ölən olmayıb.

“Son üç gün ərzində isə (dekabrın 4, 5, 6-ı) dəm qazı ilə bağlı 61 müraciət olub. Dekabrın 6-da Suraxanıda 40 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək, ölüb. Bundan başqa, bu gün isə iki nəfər dünyasını dəyişib”-deyə, Z. Vahidova əlavə edib.

 

O deyib ki, bir gün ərzində orta hesabla 1500 şəxs BŞTTTYS-ya müraciət edir. Bir ay ərzində paytaxtda təxminən 40000-dən artıq vətəndaş tərəfindən təcili yardıma müraciət olunur.

 

ANAR MƏCİDZADƏ

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2895

Oxşar yazılar