Tarixçi professor: “Çox ağır, hətta təhlükəli vəziyyətdəyik...” - <span style="color:red;">MÜSAHİBƏ
31 oktyabr 2019 14:30 (UTC +04:00)

Tarixçi professor: “Çox ağır, hətta təhlükəli vəziyyətdəyik...” - MÜSAHİBƏ

İnanmıram ki, bu gün kimsə professor Solmaz xanım Tohidi-Rüstəmovanı tanımasın. Gerçək tariximizin 200 illik “talandan” sonra öz məcrasına qaytarılması üçün gördüyü işlər göz önündədir. Çox danışmayacam haqqında, çünki özü ilə kifayət qədər danışmışıq. Elə bilirəm, girişdə deyə biləcəklərim haqda yazıda ətraflı danışılıb.

 

- Bir tarixçi kimi sizi yaxşı tanıyırıq. Araşdırmalarınız, tariximizlə bağlı məqalələriniz, kitablarınız, mühazirə və çıxışlarınız bizi çox mətləblərdən agah edib.  Sizi çox sevdiyimi də etiraf edim, aramızda nə isə bir gözəgörünməz bağ var. Siz özünüz özünüzü necə təqdim edərsiniz?

 

- Sözün düzü, özümə belə diqqət, böyük qiymət görəndə çox utanıram. Hesab edirəm ki, bu bir az artıqdır. Dünyanın böyük tarixçiləri, onların tarixi proseslərə baxışları, yaşadıqları cəmiyyətlərdə elmdən, bilikdən, erudisiyadan və şəxsiyyətdən gələn davranışları, münasibətləri qarşısında adam deyir mən kiməm ki. Alimin hər hansı fikrin hamı tərəfindən eynilə qəbul edilməyə bilər, amma öz fikri, öz mövqeyi olmalıdır. Cəmiyyət də buna qiymət verir. Xaricdə elmi dairələrdə mən alimin öz mövqeyinə belə münasibəti çox görmüşəm. Mən özüm elmi rəylər, qiymətləndirmələrdə, tənqidi fikirlərimdə bir qədər sərtəm, xüsusilə hazır dissertasiyalara, monoqrafiyalara münasibətdə.

 

- Həm də sözünüzü qətiyyətlə deyirsiniz.

 

- Məcburuq. Bəzi alimlər, xüsusilə tarix bazasında təhsil alanlar hesab edirlər ki, tarixi necə var, eləcə də təsvir etmək - bu fakt, bu hadisə - demək kifayətdir. Sonda oxucu özü qərar çıxardar. Mən bir az fərqli düşünürəm. Bilmirəm jurnalist peşəmdən irəli gəlir, yoxsa xasiyyətimdən – hesab edirəm ki, tarixçinin bu hadisələrin təhlili nəticəsində sonda öz mövqeyi və gəldiyi nəticə olmalıdır. Bütün oxucular peşəkar tarixçi deyil ki, tarixi proseslərin ardıcıllığından nəticə çıxartsın. Heç bir əsərdə, hətta monoqrafiyada belə araşdırılan tarixi mövzunu bütünlüklə əhatə etmək olmur. Yazırsan, amma yazdığından çox bilirsən, mövzunu daha geniş araşdırmısan axı. Sənin oxucun sənin qədər bilmir. Odur ki, gəldiyin nəticə ilə bölüşməlisən, öz mövqeyini ortaya qoymalısan.

 

- Jurnalistika dediniz bayaq, siz deyəsən jurnalistika fakültəsini

 bitirmisiniz?

 

- Bəli, mən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm, həmkarıq. Təhsil illərində bizə bir çox sahələr üzrə tarix fənni keçirdilər, o cümlədən mətbuat tarixi, hətta ayrı-ayrı təsərrüfat məsələləri üzrə tarixi fənlər keçirdilər, o zaman jurnalist kadrları geniş diapazonda hazırlanırdı, onda gördüm ki, tarixə daha çox meylliyəm. Bəzən bir qəzetin nəşri tarixi bütöv bir dövrün hadisələri, ictimai-siyasi prosesləri fonunda öyrənilirdi, nə qədər mətləblər, insan taleləri üzə çıxırdı. Mən belə lokal mövzudan geniş məsələlərin kökünə gedib çıxmağı çox sevirdim, odur ki, az müddət praktiki jurnalistika ilə məşğul olandan sonra elmlə məşğul olmağa qərar verdim. Tarix elminə də mətbuat tarixçisi kimi gəlmişəm, Moskva Dövlət Universitetində İran mətbuatı tarixi üzrə namizədlik dissertasiyası müdafiə etmişəm.

 

- Demək, gözəgörünməz bağ bu imiş, yanılmamışam.

 

- İstənilən məsələnin mənbəyinə getmək lazımdır, oxucu onu bilməyə bilər, araşdıran tarixçi göstərməlidir. Mən toxunduğum məsələlərdə dəqiq mövqeyimi qoyuram ortaya. Hərdən bəzi həmkarlarım deyir ki, sən oxucuya öz fikrini inadla təlqin edirsən. Deyirəm, oxucu qəbul etmirsə, etməsin, haqqı var. Mən gəldiyim qənaəti deməliyəm.

 

Tarixi araşdırmaya gərək hazır mövqedən başlamayasan. Əvvəlcədən artıq mövqeyin varsa, bir qərar vermisənsə, sonra istər-istəməz arqumentlərini öz mövqeyinə uyğunlaşdırmağa çalışacaqsan. Zənnimcə, bu zaman söylənilən yekun fikir bilavasitə tədqiqat əsasında yaranan ideya, nəticə sayıla bilməz, belə işlərdə subyektivlik faktoru çox yüksək yer alır.

 

Mən tədqiqat obyektimə elə yanaşıram. Bir nümunə verim. Əhməd bəy Ağayevin 150 illik yubileyi ərəfəsində həmin dövrün tədqiqatçısı kimi qarşıdakı elmi tədbirlərdə iştirak etmək barədə bir neçə təklif almışdım, o cümlədən türkiyəli həmkarlarımızdan. Son 5-6 ayı tamamilə Əhməd bəyin yazılı irsi və haqqındakı tədqiqatlarla tanışlığa sərf etdim və gözlənilmədən çox mürəkkəb və maraqlı situasiya ilə üzləşdim. Axtarırdım ki, hansı tərəfdən şəxsən mənim üçün maraqlıdır bu nəhəng fikir adamı? Əslində, İranşünas olduğum üçün hesab etmişdim ki, onun İranla bağlı yazıları var, konkret bu mövzunu işləyərəm. Eləcə də bir çox mənbə və tədqiqatları oxuyandan sonra qarşıma daha bir sual çıxdı ki, mən təzə nə deyəcəm, bu mövzuda öz mövqeyim varmı ? Əgər belə mövqe olmazsa, həmin mövzuya müraciət etməyə dəyərmi? Lakin bu istiqamətdə araşdırmalar dərinləşdikcə çox məsələlər ortaya çıxdı və son olaraq Əhməd bəyin simasında İran və Qafqaz türklərinin "milli kimlik" sualı ən geniş anlamda tədqiqatın əsas obyekti oldu. Belə ki, elmi fəaliyyətə "iranlı" kimliyi ilə başlayan Əhməd bəy "türkçülüyə" gələnə kimi öz fikir və ideya düşüncəsində mürəkkəb və ziddiyyətli bir yol keçib, həm də azərbaycançılığı qəbul etməyib. Bax bu dəyişikliyin səbəblərini izləmək isə artıq daha geniş problemlərin araşdırılmasını tələb edir. 

 

- Cümhuriyyət tarixində yeri hardadır, Əhməd bəyin?

 

- Nəyə işarə etdiyinizi anlayıram. Əhməd bəyi haqlı olaraq Cümhuriyyətin ideya atalarından sayırlar. AXC-nin qurucusu və "Azərbaycançılıq" ideologiyasının banisi Məhəmməd Əmin Rəsulzadə Əhməd bəyin vəfatı münasibətilə yazdığı nekroloqda onun bütün fəaliyyətinin dəqiq qiymətini verib və Azərbaycanın milli intibahında da əvəzsiz xidmətini göstərib. Lakin sonrakı mərhələlərdə... Qoy, mənim məqaləm çıxsın. Bu ciddi məsələdir, 1-2 cümlə ilə oxucunun fikrini çaşdırmayaq.

Əhməd Ağaoğlu Azərbaycanın müasir tarixinin və ictimai fikrinin nəhəng simasıdır, bizim cəmiyyət onu demək olar ki, tanımır. Mifik İran-Turan və tarixi Osmanlı-Səfəvi qarşıdurmasında Azərbaycanın və azərbaycanlıların yeri və rolu baxımından, Əhməd bəy Ağaoğlunun və Məhəmməd Əmin Rəsulzadənin baxışları kiçik fərqlərlə çox vaxt üst-üstə düşür. Lakin müasir dövrdə, konkret tarixi-siyasi şəraitdə bu fərq artıq daha qabarıq şəkildə ortaya çıxır. Biz - türk olaraq tamıq, yoxsa ayrı-ayrı qol-budaqlar var? 1917-1918-ci illərdə Rəsulzadə yalnız ideoloq, mütəfəkkir deyil, fitrən böyük siyasətçi olmaqla zamanın tələblərinə uyğun bu sualın cavabını verdi və Azərbaycan türklərinin ayrıca bir millət kimi, istiqlalı, müstəqil dövlətçiliyi, dili və milli kimliyi məsələlərində konkret konsepsiya formalaşdırdı.

Bu gün də türk birliyi, türk dünyası məsələləri gündəmdədir və mədəni-ictimai sahələrdə bu birlik çox qiymətlidir. Lakin istənilən halda, o dövrə nisbətən artıq sayı artmış türk dilli, ümum türk kökənli xalqların milli dövlətlərinin siyasi müstəvidə öncə məhz milli dövlətlər olaraq çıxış etməsi faktı da ortadadır. Bu baxımdan, hesab edirəm ki, bu məsələyə dair əlahəzrət Zaman Ağaoğlu-Rəsulzadə "mövqelərində" nöqtəni Rəsulzadə adında qoyub və Azərbaycanın hələ 1918-ci ildə türk xalqları arasında ilk olaraq bu mövqeyi siyasi müstəviyə gətirməsi, buradan da müvafiq məsələləri, o cümlədən "milli kimlik" sualını cavablandırması bizə böyük qürurgətirici amildir.

 

Toxunduğunuz bu mühüm məsələlərdə - elmimizdə, o cümlədən tarixşünaslığımızda bu məsələlərin araşdırılması nə dərəcədə qənaətbəxşdir?

 

- Çox təəssüf ki, heç qənaətbəxş deyil. Hərçənd müstəqillik illərində Cümhuriyyət tarixinin araşdırılmasında Azərbaycan tarixçiləri həqiqətən çox böyük işlər görüblər, dövrün xronoloji tarixi bütünlüklə yazılıb, sənədləri toplanaraq dərc edilib. Cümhuriyyət xadimləri yetərincə xalqa tanıtdırılıb, ayrıca olaraq, belə demək mümkünsə, "Cümhuriyyət tarixçiləri kastası" yaranıb ki, 20-dən artıq ciddi alimin adını bu sırada çəkmək olar. Bu sahədə tədqiqatlar hələ də davamlı aparılır. Lakin tariximizdə hələ çox işlənməyən, baxılmayan, toxunulmayan mövzular var. Xüsusilə, araşdırılan məsələlərə konseptual yanaşma, münasibət və s. elmi metodologiya ilə bağlı ciddi problemlərimiz var. Mən Tarix üzrə Problem Şurasının, eləcə də AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix üzrə ekspert şurasının üzvüyəm. Görürəm ki, neçə illərdir tədqiqat mövzusu seçimində "çevir tatı, vur tatı" hökm sürür, eyni mövzular dönə-dönə "işlənir". Zəngin irsimiz ola-ola eyni mövzuları kim və nə səbəbdən tədqiq edir və yeni bir söz deyilirmi? Yox! Əsas səbəblərdən biri - 30-40 il əvvəl özü işlədiyi mövzunu elmi rəhbər aspirantına verir, bir az fərqli formada. Mövzu və təbii ki, dissertasiya klonlaşdırılır. Hər hansı elmilikdən, yeni baxışdan söhbət belə yoxdur. Digər çox ciddi səbəblər və problemlər var. Çox ağır vəziyyətdir bu baxımdan. Hazırda AAK qarşısında böyük məqsədlər qoyulub. İlk növbədə bu axının qarşısını almaq. Çox ağır, hətta qırmızı xəttin kənarında və təhlükəli vəziyyətdəyik. Bu təhlükəli axının qarşısı alınmasa, həddi keçmiş olacağıq. Ümidverici məqam odur ki, AAK həqiqətən bu məsələdə ən ciddi surətdə maraqlıdır və ekspert Şuralarına da geniş səlahiyyətlər verilib.

 

Necə alırsınız qarşısını?    

 

- Belə işləri təşviq etmirik. Həmin klon iddiaçının elmi ad almasına imkan verilmir. Həm də bu məsələ heç də öz aramızda həll olunmur. İddiaçı Şuranın icrasına çağırılır və ona böyük ehtiram və nəzakətlə yazdığı dissertasiya ilə bağlı suallar verilir. Dissertasiyanın bu adam tərəfindən yazılıb-yazılmadığı, yaxud iddiaçının mövzunu nə qədər dərindən bildiyi, yenilik gətirdiyi və digər məsələlər, inanın ki, dərhal aydın olur! Bu yaxınlarda bir dissertasiyaya 18 səhifəlik mənfi rəy yazmışam, həm də əsaslandırmışam rəyimi. Eyni zamanda, həmin dissertasiyanın müəllifi nəinki mövzuya, hətta elmi işin hansı ixtisas üzrə yazıldığı, hansı elmi ədəbiyyatdan istifadə edildiyi haqda belə ən ümumi təsəvvürə malik olmadığını nümayiş etdirdi. İndiki vəziyyətdə ayrı cür mümkün deyil, lakin bununla problem həll olunmur. Mən həmin rəyimdə xüsusi rəy də qoymuşam ki, bu iş bizə qədər müdafiə olunub gəlib. Elmi rəhbərdən keçib, şöbədə, kafedrada müzakirələrdən keçib, elmi seminarda dinlənilib, xarici rəyə gedib-gəlib. Müdafiə şurasından keçib. Üç nəfər elmlər doktoru - opponentlərdən rəy alıb, müdafiə edilib, müəllif elmi ada layiq görülüb və gəlib çıxıb ekspert şurasına. Və burada 18 səhifəlik mənfi rəylə və Şura üzvlərinin yekdilliklə elmi ad verilməsinə etirazı ilə qarşılaşıb. Hələ mən 18 səhifədə dayanmışam, Şuramızın sədri, professor Kərim Şükürov bu işin avtoreferatında, hələ mənim toxunmadığım məsələlərə cümlə-cümlə prinsipial iradlarını bildirib. İndi nə edəsən? Bundan sonra qaytarılan işlərə müsbət rəy verən alimlərin ciddi məsuliyyət daşıması məsələsini reallaşdırmaq gərəkdir. AAK-nın bu məsələdə ciddi maraqlı olması, ekspertlərin özlərinə qarşı ən ciddi surətdə tələbkarlıq ortaya qoyması ümid verir ki, bu metastaz halını almış vəziyyətin qarşısını almağa həqiqətən niyyət vardır. Amma AAK, dediyim kimi, son mərhələdir, bu vəziyyət kökündən dəyişməlidir. Burada yalnız elmə əsl istedadların gəlməsi deyil, bəlkə də daha çox ciddi alim-elmi rəhbər məsələsi də çox aktualdır. Aspirantla işləməyi bacaran, bu işi görməkdə qərəzsiz olan, yeni mövzu və ideyalar verən, həmin elmi düşüncəni, ideyaları özündə daşıyan alimlərə çox ehtiyacımız var.

 

- Qaytardığınız dissertasiyalarla bağlı zənglər, tapşırmalar olur?

 

- Şəxsən mənə olmayıb. Ali Attestasiya Komissiyası da bu işin arxasındadır. Hamı istəyir vəziyyəti kökündən dəyişək. Bilavasitə biz ekspertlərin ünsiyyətdə olduğumuz insanlar -  AAK-dan Asif Rüstəmov, Şuramızın sədri Kərim Şükürov özləri ciddi alimlərdir, vəziyyəti dərindən bilirlər. Hər iclasda geniş müzakirələr gedir, fikirlər, mövqelər açıq söylənilir. AAK son instansiyadır, hamı vəziyyətin kritikliyini anlayır. Bu sərt münasibətdən sonra bəlkə görələr ki, hansı yollardan keçsələr də son instansiyadan başqasına yazdırılan dissertasiyalar, nüsxələmələr keçməyəcək. Lakin bu işin digər tərəfi də var. Şurada respublikanın müxtəlif elmi müəssisələrində çalışan tanınmış və təcrübəli alimlər toplanıb. Əsasən hər Şura üzvü öz ixtisas sahəsi üzrə kimin hansı mövzu üzərində və necə işlədiyi, elm üçün yararlı olub-olmadığı və s. dair müəyyən məlumatlara malikdir. İnanın, kifayət qədər mənfiyə gedən dissertasiyalar da olub ki, müəllifi Şura qarşısına çıxış edərkən fikrimizi dəyişib. İşini əsaslandırıb, nöqsanların və qüsurların mənbəyi üzə çıxıb və müəyyən avansla iddiaçıya şans verilib ki, elmi ad alaraq fəaliyyətinə davam etsin. Bu baxımdan, AAK-ın məqsədi heç də elmə gələnlərin qarşısını almaq deyil.

 

- Bəzən deyirlər tarix elm deyil, amma sizin bu araşdırmalarınız gətirib elmə çıxartmırmı? Tarix elmdirmi ?

 

- Əlbəttə, elmdir. Sadəcə, təbiət, texniki elmlər kimi öz qanunları olan dəqiqi elm sahəsi deyil. Əsasında bilmək, öyrənmək, araşdırmaq durursa, əlbəttə, elmdir. "Elm deyil" deyənlər tarixi əsərlərin, o cümlədən mənbələrin yaranmasında konyuktur elementlərinin olmasından çıxış edirlər. Təbii ki, tarixi araşdırmada istənilən halda subyektivlik var. Lakin tarix elminin söykəndiyi təməl - faktdır, hadisədir. Subyektivlik bu fakta münasibətdə meydana çıxır.

 

Bu gün müasir dünya tarixşünaslığında ən mühüm sahələrdən biri sosial tarix - cəmiyyətin, əhalinin ən müxtəlif aspektlərdən araşdırılması - aparıcı istiqamətlərdəndir. Bu tarix sahəsinin öz metodologiyası, ənənələri, mənbə bazası və s.  var. Məsələn, sosial tarixin ən maraqlı istiqamətlərindən biri - "gündəlik həyat" - müəyyən zaman kəsiyində cəmiyyətin (toplum, yaxud ayrı-ayrı əhali qrupların) günlük həyat tərzini araşdırmaq fonunda cəmiyyətin ümumi durumunu müəyyənləşdirməyə imkan verir. Sosial tarixin yazılması üçün ən mühüm mənbə bazası kimi klassik mənbələrlə - arxiv sənədləri, statistik məlumatlar, mətbuat və s. yanaşı, əhalinin hökumət orqanlarına ərizələri, müraciətləri, şikayət məktubları, hətta donoslar, anonim məktublar və s. bu kimi "alternativ mənbələr" adlanan sənədlər əsas yer tutur. Deyim ki, sovet dövründə bu sonuncu növ - yəni alternativ sənədlər ən ciddi şəkildə öyrənilirdi; doğrudur, tarixçilər tərəfindən deyil, müvafiq orqanlar tərəfindən. Hər 3 aydan bir hökumətə əhalinin ümumi əhval-ruhiyyəsi əsasında geniş analitik xülasələr verilirdi. Bu növ təhlillər bir tərəfdən narazı insanları nəzarətə götürməyə əsas verirdisə, digər tərəfdən hökumət xalqın, müxtəlif əhali qruplarının ümumi ovqatını izləyir və ictimai rəy kimi bu və ya digər səviyyədə öz siyasətində nəzərə alırdı. Sovet İttifaqı dağıldıqdan və arxivlər açıldıqdan sonra Moskvada "alternativ sənədlər" seriyasından cildlərlə sənədlər topluları nəşr edildi və "sosial tarix" seriyasından onlarla ciddi tədqiqatlar meydana gəldi. Bizim də arxivlərdə minlərlə belə sənədlər saxlanılır, lakin təəssüf ki, onlar nəinki müvafiq qriflə sənədlər toplusu kimi buraxılmayıb, ümumiyyətlə, hələ də Azərbaycan tarixşünaslığında "sosial tarix" sahəsi hər hansı şəkildə yer almayıb.

 

Bəs nə üçün Azərbaycan tarix elmində bu sahə inkişaf etməyib? Siz özünüz tanınmış tarixçisiniz, geniş elmi fəaliyyətiniz var, aspirantlarınız var…

 

- Tənqidinizi tam qəbul edirəm, həm özüm, həm həmkarlarım adından, hərçənd özümə aid müəyyən səbəblər göstərə bilərdim, amma lazım bilmirəm. Sovet dönəmində bu sahəni işləmək mümkün deyildi, lakin müasirlik dövründə bizim tarixşünaslıqda bu sahənin oturuşmamasının da bəzi obyektiv səbəbləri var. Əvvəla, zahirən müvafiq qurumların mövcudluğuna baxmayaraq, əslində bu gün Azərbaycan tarix elminin qarşısında duran problemlərin sistemli şəkildə öyrənilməsi və istiqamətlənməsi ilə məşğul olan yoxdur. Peşəkar, lakin elmi funksioner olmayan tarixçilərin çoxu özünə maraqlı olan mövzulara müraciət edir və ayrı-ayrı uğurlar monoqrafiyalar, tədqiqatlar belə meydana gəlir.

Digər obyektiv səbəb tədqiqat mövzusunu özü müəyyənləşdirən ciddi tarixçilərin ilk növbədə Cümhuriyyət tarixinə önəm verməsi və bizə müstəqil dövlət qurmuş istiqlalçılar nəslinə öz professional, vətəndaş və vicdan borcunu qaytarması zərurətindən çıxış etməsi idi.

Daha bir səbəb müasir tarixşünaslığımızın əsasən sovet dövrü formalaşdığını nəzərə alınarsa, elmimizdə bu sahədə ənənənin və təcrübənin olmamasıdır. Rusiya tarixçiləri bu sahədəki boşluğu dərhal doldurdular və sovet gerçəkliyinə dair ən müxtəlif istiqamətlərdə, o cümlədə sosial tarix üzrə çox dəyərli əsərlər ortaya qoydular. Biz, əlbəttə, öz elmi potensialımızı Rusiya ilə müqayisə edə bilmərik. Amma bu sahəyə tam etinasızlığımız yalnız tarixşünaslıq sahəsində deyil, ictimai həyatda da üzə çıxır. Belə ki, sosial tarix üzrə araşdırmalar bir növ tətbiqi elm sahəsi sayıla bilər və əslində cəmiyyətdə formalaşmaqda olan ictimai rəyi öyrənmək, müəyyən məsələlərdə hökumətin siyasi kursunu müəyyənləşdirmək və korrektə etmək üçün ən təsirli vasitələrdən biridir. Biz, Azərbaycan tarixçiləri, bütün bu illər ərzində "sosial tarix " - cəmiyyətin inkişaf tarixi, düşüncəsi, real həyata, üzləşdiyi problemlərə, hakimiyyətə, digər qurumlara münasibəti və s. məsələləri araşdırmaq üzrə fundamental elmi baza yarada bilmədiyimiz üçün "ictimai rəy" kimi mühüm sosial institut bu gün cəmiyyətimizdə lazım və tələb olunan səviyyədə formalaşa və özünü təsdiq edə bilməyib.

 

- Çox maraqlı məqamlara toxundunuz, Solmaz xanım, amma heç şəxsinizdən danışmadıq. Sizin ikili soyadınız var, Tohidi soyadınızdan başlayaq.

 

- Soyadımdan olar. Atam Əli Tohidi Ərdəbildəndir. Tohidi at-baba soyadımızdır. Qaradağlılar nəslindənik, Ərdəbilə Gəncədən gedən təmiz türk tayfasıdır. Atam belə danışırdı. Özü müctəhid - yəni fətva verməyə haqqı olan ruhani xadimin oğlu olsa da, ictimai görüşlərində açıqfikirli, əməldə qətiyyətli inqilabçı mövqeyində idi. Gənc yaşlarından siyasətə qoşulub. Əvvəl İran Xalq Partiyasının (Tudə) üzvü olub, sonra Pişəvəri hərəkatının fəallarından olub. Azərbaycan Demokrat Firqəsi yaradılarkən Meşkin mahal katibi və fədai başçısı kimi fəaliyyət göstərib. Cənubi Azərbaycanda milli hərəkat qan içində boğulduqdan sonra 1946-cı ildə Sovet Azərbaycanına siyasi mühacirət edib. O zaman hərəkatın tam məğlub olduğu fikri ilə razılaşmırdılar. İrana qayıtmaq, mübarizəni müxtəlif yollarla davam etdirmək nəzərdə tutulurdu. Odur ki, siyasi mühacirlərin arasından 20-25 nəfər seçib, onları İranda işləmək üçün o vaxtkı Ali Partiya Məktəbində (bu gün - İdarəçilik Akademiyası) xüsusi kurs açırlar və onlara konspirasiya məqsədilə bir "rus" familiyası götürməyi təklif edirlər. Çoxları razılaşır, atam isə öz Tohidi soyadından imtina etməyərək, babasının adı ilə Rüstəmov soyadını da götürüb. Sonralar atam Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib və ömrünün sonuna qədər müəllim işləyib. İndiyədək onun tanınmış tələbələri ilə əlaqələrim var. Mən Pişəvəri nəsli - Azərbaycan demokratları mühitində böyümüşəm, elmi fəaliyyətə İranşünas tarixçi və sol-kommunist hərəkatlarının araşdırıcısı kimi gəlməyimdə, sözsüz ki, bu nəslin böyük təsiri var. Həmçinin, mənim bu ikili soyadım da atamdan gəlir. Maraqlıdır ki, Sovet dövrü mənə dəfələrlə bu soyadımın "Tohidi" hissəsindən imtina etmək təklif olunub, guya bu ad mənə o dönəmdə karyera yaratmağa mane ola bilərmiş, razılaşmamışam. Sovetlər dağılandan sonra isə "Rüstəmova" hissəsini atmağı məsləhət görüblər, yenə razılaşmamışam. Mən tarixçiyəm, sənədlərə, o cümlədən öz sənədlərimə hörmət edirəm. Daha ciddi və geniş anlamda isə mən öz soyadıma o tay-bu tay Azərbaycanı birləşdirən bir rəmz kimi baxıram və öz fəaliyyətimlə də bu rəmzə uyğun gəlməyə çalışıram. Bu qədər.

 

- Özünüzə nə sual verərdiniz?

 

- Qorxuram ki, həmin suallara cavab verə bilməyim.

 

- Bəs, arzularınız?

 

- İstəyərdim ki, alimlərə və ilk növbədə istedadlı gənclərə elmə gəlmək və elmdə qalmaq üçün ciddi şərait yaradılsın. Bu şərait sadəcə aspiranturaya daxil olmaq, dissertasiya yazmaq deyil, gənclər dünya elminə inteqrasiya olunmaq üçün xarici universitetlərdə və elm mərkəzlərində təcrübə keçməli, fərqli elmi məktəblərlə tanış olmalı, alimlər mötəbər xarici konfranslarda dövlət hesabına iştirak etməlidir. Əsərlərinin xarici nüfuzlu, ödənişli jurnallarda nəşri dövlət və ya ali təhsil müəssisəsi tərəfindən dəstəklənməlidir. Əks halda, yeni düşüncəli, Azərbaycan elmini layiqincə təmsil edən tarixçi alimlərin yetişməsi mümkün deyil. Elm adamının, xüsusilə uzun illər elmə təmənnasız xidmət edən, lakin məişət burulğanında çarpışan, övladlarının təhsil haqqını ödəməyə çətinlik çəkən alimlərin, xüsusilə ən aşağı maaşlı akademiya işçilərinin problemləri də gündəmdə olmalıdır.

Sovetlər dövrü Elmlər Akademiyası sistemi böyük, özünə güvənli bir dövlətin fundamental elmləri inkişaf etdirmək üçüm yaratdıqları möhtəşəm qurum idi. Alim üçün dərs demədən, dolanışıq xətrinə 5 yerdə işləmək ehtiyacı yaratmadan öz tədqiqatı ilə məşğul olmaq şəraiti idi. Bu sistemin bütün bu illər Azərbaycanda saxlanılması bu baxımdan böyük nailiyyət sayıla bilər. Lakin bu sistem real işlək formata keçməlidir, əks təqdirdə hər hansı elmi tərəqqidən söhbət gedə bilməz.

 

- Özünüzə arzunuz...

 

- Özümə... Əlimdə 6 yarımçıq kitab var, illərlə bayıra çıxmadan işləyə biləcəyim arxiv sənədləri var. Yeni layihələr gəlir, 7-8 aspirant və doktorantım var. Yəqin ki, bu işləri görmək, başa çatdırmaq  üçün lazım olan şərtlər...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9073
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar