Suya borcun olmaması ilə bağlı arayış elektron veriləcək
22 sentyabr 2016 16:58 (UTC +04:00)

Suya borcun olmaması ilə bağlı arayış elektron veriləcək

0

“Azərsu” ASC tərəfindən zəruri işlər aparılaraq “I qrup istehlakçılar tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması haqqında arayışın alınması" elektron xidmətinin göstərilməsinə başlanılıb.

 

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, borcun olmaması haqqında arayışın alınması elektron xidmətindən  mülkiyyət hüququnun dəyişdirilməsi ilə bağlı məsələlərdə istifadə olunur. Belə ki, hər hansı mənzil, fərdi yaşayış sahəsi satılarkən və mülkiyyət hüququ başqasına verilərkən, içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə  borcun  olmaması barədə arayış tələb olunur. İndiyədək borcun olmaması haqqında arayışın alınması üçün abunəçilər müvafiq sənədlərlə yerli sukanal idarələrinə müraciət edirdilər.  Bu da əlavə vaxt itkisi və texniki prosedurlarla müşahidə olunurdu. Bundan sonra  həmin arayışların alınması internet üzərindən də həyata keçiriləcək və abunəçinin hər hansı idarəyə üz tutmasına ehtiyac qalmayacaq.

Yeni yaradılmış xidmət vasitəsilə əhali qrupu (mənzil, fərdi yaşayış və bağ evləri üzrə) istehlakçıları bundan sonra borcun olmaması barədə arayışı  www.azersu.az saytı və www.e-gov.azportalından istifadə etməklə  əldə edə bilərlər. ( www.azersu.az saytı www.e-gov.az  portalına inteqrasiya olunmuşdur).

 

 Elektron xidmətdən istifadə edilməsi və əməliyyatın aparılması üçün istifadəçi www.e-gov.az  portalının “bütün xidmətlər” bölməsində “Azərsu” ASC-ni, daha sonra  “I qrup istehlakçılar tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması haqqında arayış alınması” elektron xidmətini seçir. Növbəti mərhələdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş “Elektron imza” kartı, Asan imza və ya “Elektron Hökumət” sistemi tərəfindən vətəndaşa verilmiş istifadəçi adı və şifrə ilə sistemə daxil olub xidmətdən istifadə edə bilər. 

Bunun üçün ilk növbədə abonent kodu daxil edilir, daha sonra şəxsiyyət vəsiqəsinin pin kodu, əlaqə vasitələri, obyektə aid sənədlər (skan olunmuş, pdf və s. formatda) sistemə yüklənir və müraciət edilir.   

Müraciət qeydiyyata alındıqdan 3 iş günü ərzində icra ediləcəyi barədə abunəçinin elektron ünvanına məlumat göndərilir.  Sonrakı mərhələdə  müraciət Cəmiyyətin müvafiq struktur vahidinə yönləndirilir.  Operativ qaydada abunəçinin sayğacına yerində  baxış keçirilir və ya onun ailə tərkibi dəqiqləşdirilir.   

Müraciətin icrası tamamlandıqdan sonra abunəçinin  elektron ünvanına borcun olub olmaması haqda məlumat göndərilir.  Əgər abunəçinin borcu varsa tam ödəniş aparıldıqdan sonra, borc olmadığı təqdirdə isə “Göndərilən müraciətlər” bölməsindən arayışı əldə edə bilər.  

Müraciətlərin  nəticəsi  abunəçinin elektron poçtuna məlumat verməklə cavablandırıldığından göstərilən elektron ünvanlar doğru və aktiv istifadədə  olmalı, şəxsi və mənzil haqqında düzgün məlumatlar sistemə daxil edilməlidir. Əks halda müraciət etibarsız sayılacaq.

“I qrup istehlakçılar tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması haqqında arayış”ın alınması elektron xidmətindən istifadə ödənişsizdir.

Qeyd edək ki, hazırda “Azərsu” ASC tərəfindən  bir sıra  xidmətlər elektron qaydada  göstərilir.  İstehlakçılar internet vasitəsi ilə borcları haqda məlumat ala, abonent məlumatlarını dəyişdirə bilərlər. Bununla yanaşı, borcların internet və odəmə terminalları vasitəsilə ödənilməsi,   I qrup istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin alınması, "Su təchizatı və tullantı sularının axıdılması xidmətləri"nə dair abunəçiyə məlumatların verilməsi elektron xidmətlər vasitəsilə həyata keçirilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 571

Oxşar yazılar