Şura Xocalı soyqırımı ilə bağlı ərəb dilində kitab nəşr etdirdi
28 fevral 2014 17:58 (UTC +04:00)

Şura Xocalı soyqırımı ilə bağlı ərəb dilində kitab nəşr etdirdi

    

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “QHT Nəşriyyatı”nda ərəb dilində çapdan buraxılmış Xocalı soyqırımına həsr olunan “Əl-Ədalət Li Xocalı” (Xocalıya Ədalət) kitabının təqdimat mərasimi keçirilib.

Lent.az-ın verdiyi məlumata görə, tədbirdə   Liviya, Səudiyyə Ərəbistanı, Qətər, Mərakeş və Fələstinin Azərbaycandakı səfirliklərinin nümayəndələri, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Toplantıda çıxış edən Şura sədri Azay Quliyev kitabın Şuranın “QHT Nəşriyyatı”nın vəsaiti hesabına nəşr edildiyini deyib. Azay Quliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə son bir neçə ildə aparılan “Xocalıya Ədalət” kampaniyasının real nəticələrinin özünü göstərdiyini və dünyanın bir çox ölkələrində vətəndaşların Qarabağ həqiqətlərini artıq anladığını bildirib. Şuranın dəstəyi ilə işıq üzü görən çoxsaylı nəşrlərin sırasına ilk dəfə olaraq Xocalı soyqırımından bəhs edən ərəb dilində kitabın əlavə olunduğunu qeyd edən Azay Quliyev dini, mənəvi cəhətdən bağlı olduğumuz ərəb dövlətlərində də Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyinin dolğun şəkildə çatdırılmasına ehtiyac olduğunu vurğulayıb. Şura sədri Xocalı faciəsi ilə bağlı xarici mediada müxtəlif terminlərdən istifadə edildiyini, ancaq bu hadisənin yalnız soyqırım kimi təqdim edilməsinin həqiqəti əks etdirdiyini qeyd edib.

İslam Əməkdaşlıq Təşkilatının Xocalı soyqırımına hüquqi və siyasi qiymət verməsinin çox sevindirici olduğunu vurğulayan Şura sədri toplantıya qatılan ərəb ölkələrinin Azərbaycandakı səfirliklərinin nümayəndələrinə təşəkkürünü bildirib.

A. Quliyev islam ölkələrini, ayrı-ayrılıqda parlamentlərində Xocalı soyqırımını tanımağa çağıraraq insansevər bəşəriyyətin və qardaş dövlətlərin dəstəyi ilə Azərbaycan xalqının işğal altında olan torpaqlarını düşməndən azad edəcəyinə inamını bildirib.

Təqdimat mərasimində Fələstinin ölkəmizdəki səfirinin müavini, sözügedən kitabın müəllifi Əli Rzazadə, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov çıxış edərək kitabın əhəmiyyətindən danışaraq Şuranın təşəbbüsünü alqışladıqlarını bildiriblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 407
avatar

Oxşar yazılar