Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Avropa İttifaqının (Aİ) ölkəmizdəki səfiri Malena Mard və nümayəndəliyin əməliyyatlar şöbəsinin müdiri Yerun Villemslə görüş keçirilib. Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, M. Mard "Qrant və QHT-lər haqqında" qanuna edilən əlavə və dəyişikliklər haqqında daha ətraflı məlumat almaq və bəzi suallara aydınlıq gətirmək istədiyini bildirib. Səfir qəbul edilmiş yeniliklərin Avropa İttifaqının donor kimi bundan sonrakı fəaliyyətinə mümkün təsirləri haqqında şura sədri Azay Quliyevin fikirlərini öyrənib.
A. Quliyev qeyd edib ki, Avropa İttifaqı ölkəmizin əsas tərəfdaşıdır və Azərbaycan bu qurumla mövcud əməkdaşlığı davam etdirməkdə maraqlıdır: "Azərbaycanın qanunlarına və milli maraqlarına hörmət edən donor və qurumların bu əlavə və dəyişiklərdən narahat olmasına əsas yoxdur".
M. Mard 2014-2017-ci illər üzrə Aİ-nın üç əsas prioritet sahə - regional və yerli inkişafa yardım, ədliyyə sektorunda islahatlara dəstək, təhsil və təcrübənin artırılması üzrə ölkəmizlə yaxından əməkdaşlıq etməyi nəzərdə tutduqlarını deyib.
Daha sonra şura sədri Ermənistanın işğalçı qüvvələri tərəfindən iki mülki azərbaycanlının doğulduğu Kəlbəcər rayonunu ziyarət edən zaman girov götürülməsi və onlar üzərində oyuncaq məhkəmə qurulmasını insan hüquqlarının və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktı kimi səfirin diqqətinə çatdırıb. Şura sədri bu qanunsuzluğa və insanlıq əleyhinə törədilmiş cinayətə beynəlxalq ictimaiyyətin, xüsusilə Avropa İttifaqının biganə qalmasının və adekvat reaksiya verməməsinin qəbuledilməz olduğunu bildirib və girovların azad edilməsi üçün rəsmi İrəvana təzyiq edilməsinin vacibliyini Aİ-nın rəhbərliyinin diqqətinə çatdırmağı səfirdən xahiş edib.
Görüşdə şura sədri 2015-ci ildə Ermənistanın Avronest Parlament Assambleyasının illik sessiyasına ev sahibliyi etməsi məsələsinə də toxunaraq mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələrini yerinə yetirməyən işğalçı dövlətin və Avropa İttifaqı ilə Assosiativ Sazişi imzalamaqdan imtina edən bir ölkənin buna hüquqi və mənəvi haqqının çatmadığını vurğulayıb. Eyni zamanda şuranın Bakıda və rayonlarda yaratmaq istədiyi QHT-lər üçün Resurs və Təlim Mərkəzinin qurulması və fəaliyyəti ilə əlaqədar Aİ ilə əməkdaşlıqda maraqlı olduqlarını da qeyd edib.
M. Mard öz növbəsində azərbaycanlı girovlarla bağlı məsələnin Aİ-nın rəhbərliyinin diqqətinə çatdıracağını və vətəndaş cəmiyyətinin inkişafı üçün konkret təkliflərlə bağlı müzakirələrin davamlı aparılmasına tərəfdar olduğunu deyib.