Müşfiq Ötgünün verilişinə görə "Baku TV"yə XƏBƏRDARLIQ EDİLDİ
08 oktyabr 2025 16:11 (UTC +04:00)

Müşfiq Ötgünün verilişinə görə "Baku TV"yə XƏBƏRDARLIQ EDİLDİ

0

Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib.

Bu barədə Lent.az-a Şuradan məlumat verilib.

İclas zamanı bu kontekstdə "Baku TV" televiziya kanalının efirində 24 sentyabr 2025-ci il tarixdə yayımlanan "Amin" proqramı zamanı səsləndirilən fikirlər də ciddi müzakirə olunub. Qeyd olunan proqramda kişi-qadın, ailə münasibətləri mövzusunda müzakirələr zamanı qonaq tərəfindən "...Mən qadınam. Kişi həmişə qabaqda getməlidi. Bu, həyatın qanunudu və bu qanunu sən pozsan, Allah sənə oğul övladından cəza çəkdirəcək... Bu qanundu, Allahın qanunudu... Allah-təala qadını sırf kişiyə tabe elətdirir..." fikirləri səsləndirilib.

Audiovizual Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər "Media haqqında" Qanunun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi (gender) ayrıseçkiliyinin təbliği kimi qeydə alınmış, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.

İclas zamanı məsələ diqqətlə müzakirə edilmiş və yekdilliklə bu fikirlərin cinsi ayrıseçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəlinin. Belə ki, proqramda qonaq qismində çıxış edən şəxs tərəfindən səsləndirilən fikirlərdə cinsi ayrı-seçkiliyi təşviq edən, qadın və kişi bərabərliyinə zidd olan ifadələrə yol verilib. Çıxış zamanı bu fikirlər dini və fəlsəfi yanaşmalarla əsaslandırılmağa cəhd edilmiş, lakin təqdim olunan mövqelər obyektiv dini və ya elmi əsaslardan kənar, subyektiv və ayrı-seçkilik xarakteri daşıyan məzmunla ifadə olunub. Həmçinin, qonağın fikirlərinə aparıcının təsdiqləyici reaksiya bildirməsi də, cinsi ayrı-seçkiliyin təbliğinə xidmət edə bilən fikirlərə yer verilməsi kimi qiymətləndirilib. Audiovizual Şuranın üzvləri "Baku TV" kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəliblər.

Audiovizual Şura media məkanının maarifləndirici, obyektiv və diskriminasiyadan kənar prinsip əsasında fəaliyyət göstərməsinin zəruriliyini yayımçılara bir daha xatırladır, onlardan yayım zamanı qanunvericiliyin normalarını əsas tutmalarını tələb edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 816

Oxşar yazılar