İyulun 8-də Bakıdakı "N" saylı hərbi hissədə Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 30 nəfərdən ibarət qrupunun plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yolasalma mərasimi keçirilib. Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Mərasim iştirakçıları əsgərlərimizə uğurlar arzulayıb, Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Silahlı Qüvvələrimizin 90 hərbi qulluqçusu, iki hərbi həkimi və iki mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.