Stalinin tapşırığı, mayanın göz yaşları, özbək əsgərin etirafı - TƏRƏKƏMƏ HEKAYƏTLƏRİ
04 iyul 2013 14:17 (UTC +04:00)

Stalinin tapşırığı, mayanın göz yaşları, özbək əsgərin etirafı - TƏRƏKƏMƏ HEKAYƏTLƏRİ

Tanınmış şair Qəşəm Nəcəfzadənin Lent.az-a yazdığı “Tərəkəmə hekayətləri” silsiləsi davam edir. Burada şairin uşaqlıq və yeniyetməlik dövründə yaşadığı mühit, tərəkəmə həyatı, adət-ənənələri, müxtəlif xatirələri yer alır...

 

XIII YAZI

Balaca vaxtı, yəni 16-17 yaşım olanda mənim üçün dünyanın ən uzaq yeri  Beyləqanın   Eyvazalılar kəndi idi. Niyə? Onların dəvələri hədsiz çox idi,  dəvə mənim ücün uzaqlıq demək idi və elə bilirdim, harada dəvə varsa, demək, ora ən uzaq yerdir. Biz adətən, dəvələri dağa gedəndə görürdük, düzdü bizim də kənddə dəvə var idi, amma o qədər yorğun, arıq, zəif görünürdülər ki, onlarda bir qram da olsa uzaqlıqdan əsər-əlamət yox idi. Olsa-olsa  bizim dəvələr kənddən fermaya qədər yol  alardı. Dəvədən qorxduğum üçün onu çox sevirdim. Bütün fəlakətləri və yaxud əl çatmayan arzuları dəvə ilə ölçürdüm. Dəvə mənim getmədiyim yerlər idi.

 

Bizim kənddə  “Karlar” tirəsi var. Əldən iti adamlardı. Gözünə döndüklərim hər gecə gedib mənim uzaq bildiyim yerlərdən  dəvə gətirib kəsib alışma edirlərmiş. Səhərə kimi  bir dəvəni yeyib qurtarırlarmış. Gündüz vaxtı  harda dəvə görsələr qışqırıb qaçırlarmış , hətta qaçıb evdə yorğanın altına girirlərmiş, adamlara yalvarırlarmış ki, o nədirsə bizi yeyəcək, aman günüdür qoymayın. Guya bunlar birinci dəfədir ki, belə əcaib heyvan görürlər. Halbuki axşamlar dəvənin anasını ağladırlar.

Bir dəfə babam danışırdı ki,  qoyun otardığı yerdə qızmış nər onun üstünə gəlir. Babam qaçır, dəvə qovur. Dəvə babamın topuğundan yapışıb qaldırır yuxarı, sonra çırpır yerə. Amma buraxmır. Babam kərməşov ağacı salır dəvənin ağzına, yenə dəvə qabağından yemir, dişləri ilə ağacı çeynəyib tökür. Sonra dəvə babamı bir dəfə də qaldırıb vurur yerə, yıxılır üstə. Babamın əynində palto varmış . Babam dəvənin altından güclə  sivişib çıxır, palto qalır dəvənin altında. Dəvə elə bilir ki, altındakı babamdı. Nənəm and içirdi ki, dəvə düz üç gün həmin paltonun üstündən durmadı.

Bundan sonra dəvədən bərk qorxmağa başladım. Bu cür ssenarilər üzrə çoxlu yuxular görürdüm.

 

Uşaq vaxtı hər gün  burnumdan qan açılardı, nə qədər dava-dərman edərdilər kəsməzdi, uzun müddət müalicə olundum, yenə xeyri olmadı. Axırda Xanpəri nənəm bir didim dəvə yunu verib dedi ki, yandırın tüstüsünü verin uşağın burnuna.  Odu-budu hələ bir dəfə də olsun burnum qanamayıb.

 

Atamın işi düz gəlməyəndə həmişə deyirdi ki, bu at bu dəvəni qaytarmayacaq. Orasını da bilirdim ki, bizim dəvəmiz yoxdur və atamın qaytara bilmədiyi görəsən kimin dəvəsidir. Hər halda atam bu sözü düz gəlməyən işlərə deyirdi. Mən elə bilirdim, bizim heç vaxt dəvəmiz olmaz, dəvə həmişə uzaqda olmalıdı və biz də uzağa gedəndə həmin dəvənin yanında keçib həsrətlə ona  baxıb əl çalmalıyıq.

Bir gün babam mənim dəvə həsrətimi görüb bir əhvalat danışdı. Dedi ay bala, mənim dəvəm olanda heç kəsin dəvəsi yox idi. 

 

“1942-ci ilin  fevral ayı idi. Bax, bu Şirinqumun boynuna yenicə düşmüşdük. Dəvəmiz  göyçək bir mayası vardı, təzə doğulmuşdu. Maya deyirəm sənə, elə bil yumurta sarısı... Dəvə balasını nə çox istəyərmiş, qardaş-babam bu sözü  deyəndə üzünü özündən kiçik qardaşına tutdu və bununla həm sözünün təsdiqini aldı, həm də söhbətin duzunu artırırdı-dəvə balasını gözündən qırağa  qoymurdu. And olsun Allaha, o ili  qış adamın ağzının içində suyu dondururdu. Maya  tir-tir əsirdi. Axırda mayanı gətirdim alaçığa, odun peçinin yanında ona yaxşı yer düzəltdim. Mayalı günlərimiz başladı. Elə bil mayanın evdə olması bizi bədnəzərdən qoruyurdu. Anası balasını görüb toxtamaq üçün başını içəri salıb kövşəyirdi. Mayanın ətri evimizi başına götürmüşdü. Gecələr  mayanı içəri gətirir, gündüzlər çölə buraxırdıq.  Öyrəşəndən sonra axşam düşən kimi maya özü gəlib içəri girdi. Mayanın nəfəsi ruhumuzu dincəldirdi. O maya içəri gələndən ayaqlarımın ağrısı kəsdi. Arvadın başı ağrıyırdı, o da səngidi. Maya  bizim söhbətlərə diqqətlə qulaq asar, hərdən də boynunu o tərəf bu tərəfə əyərək özünü evin halalca bir sakini kimi hiss edərdi. Elə bil  maya yaddaşına nəyisə yazırdı, nəyisə yadında saxlayırdı. Maya gündüzlər uzaqlarda gedib otlayardı. Sürü örüşdən qayıdan  vaxtı maya da özünü çatdırardı evə. Ağzından güllərin çiçəklərin ətri gələrdi. Mayanın fəhmi hamımıza sirayət eləmişdi. Əgər maya bir gün içəri gəlməsəydi biz ocaq başına yığışa bilməzdik. Sanki bizi ocaq başına maya cəm eləyirdi.

Günlər keçir, maya böyüyürdü. Artıq evimizə sığışmırdı maya. Qabaq dizləri süfrəmizə dirənir, başı süfrəmizin üstündə o yana bu yana yellənirdi. Qərara aldıq ki, onu alaçığın qabağında yatırdaq. Elə də etdik. Bir də nə görsək yaxşıdır.  Maya boğazını içəri uzadıb bizə baxır. Məni ağlamaq tutdu. Dedim  ilahi, sənə min şükür. Gör mayanın ürəyinə nətər sevgi verib ki, o bizdən, bizdə onda ayrı dura bilmirik. Hər axşam maya qapının ağzında yatar , başını da içəri salardı. Maya lap böyümüşdü. Boy - buxunu lap uzaqdan görünürdü. Gecələr isə mayanın başı süfrəmizin bəzəyi idi. Bunu el-obada hamı bilirdi”.

 

Sonra babam iki əlli dizinə vurub dedi: “ Bala, elə bil gözə gəldik. Dedilər,

Stalin yoldaş əmr verib ki, camaatda nə qədər dəvə varsa yığılsın. Dəvə ilə cəbhəyə ərzaq-sursat daşıyacaqlar. Əsgərlər gəlib bizim də fermaya çıxdılar. Baxan kimi gözləri mayanı tutdu. O saat da mayanı tutdular, yalvardım ki, mayanın yerinə neçə at deyirsiniz verim, amma mayanı aparmayın. Dedilər, Stalin yoldaş dəvələri tapşırıb. Aparanda maya bizə baxıb bozdadı. Gözündən gilə-gilə yaş axdı. Getmək istəmirdi, bir-iki ağacdan sonra maya daha ferma tərəfə baxmadı. Maya qara nöqtə kimi gözdən itdi. O axşam maya başını alaçığımıza salmadı. Süfrəmiz açılmadı. Səhərə kimi ağlaşdıq. Elə bil oğlumun birini müharibəyə aparmışdılar. Mən bilirdim ki, harda alaçıq görsə maya başını ora salıb bizi axtaracaq. Amma heç kəs mayanın sevgisini anlamayıb onu döyəcəklər”.

Babam bunu deyəndə lap hönkürdü. Özünə gələndən sonra başladı danışmağa.

“Getdik dağa, gəldik arana, yenə getdik dağa gəldik arana, duz oldu iki il, maya deyəsən yadımızdan çıxmışdı. Elə bu  yurdda oturmuşduq. Boz ay idi. Oturub haramı düzünə tərəf baxırdım. Gördüm uzaqda təsbeh dənələri kimi  nəsə səyriyir. Gözümü ovuşdurdum, gördüm dəvə karvanıdır. Amma içində bir dəvə yaman  oynayır, bizim yatağa tərəf bozdayır. Yanındakılar  burnunun üstünə vururlar, yenə dəvə fıyxırır. Axır ki, dəvə kəndiri qırıb biz tərəfə qaçmağa başladı. Əsgərlər düşdülər dalınca. Durdum ayağa, gördüm ki, gələn mayadır. Maya  yüklü idi. Alacığa çatan kimi  dizlərini yerə qoyub başını içəri saldı. Başladı ağlamağa. Əsgərlər gəldilər, mayanı vurub qaldırdılar. Dedim qoyun maya bir az qalsın.  Bala, rus nə qanır, dəvə nədir. “Xıx” sözünü də bilmirlər, dəvəni ağacla yatırdıb, ağacla qaldırırlar. İçlərində bir musurman var idi, özbək. Dedi iki ildi, bu dəvəni ancaq döyürük. Soruşdum bala niyə? Dedi ki, başını həmişə bizim  palatkadan tikdiyimiz kazarmalara salır, elə bilirik ki, bizi dişləyəcək. Bu sözü eşidəndə sinəmə dağ çəkdilər. Göyüm-göyüm göynədim. Mayanı döyə-döyə aparıb karvana qatdılar, gözdən itənə qədər maya biz tərəfdən gözünü çəkmədi. Bala, müharibənin məndə elə də dağı var, belə də.  Ortasında da bir düyün. Rus nə qanır, dəvə nədir?”.

Babamın bu əhvalatından sonra Eyvazalılara getmək istədim, dəvə ilə şəkil çəkdirməyə. Mənim üçün uzaqların bir adı da dəvədir.

Elə bilirdim adam yaxında şəkil çəkdirməz, uzaqlarda çəkdirər, ya əsgərlikdə, ya da Eyvazalılarda.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2051
avatar

Qəşəm Nəcəfzadə

Oxşar yazılar