Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (http://www.mlspp.gov.az) əmək və sosial müdafiəsi sahəsi ilə bağlı hazırlanan yeni normativ hüquqi aktların layihələrinin ictimai müzakirəyə çıxarılması məqsədilə ayrıca bölmə yaradılıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, vətəndaşlar sayta daxil olmaqla “Qanunvericilik” bölməsinin “Qanunvericilik layihələri” alt bölməsində yeni layihələrlə tanış ola, eyni zamanda rəy və təkliflərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Sayta ilk olaraq nazirlik tərəfindən hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı (2014-2018-ci illər)”nın və “Əlilliyi olan
şəxslərin hüquqları haqqında” qanunun layihələri yerləşdirilib. Həmin layihələrlə bağlı rəy və təkliflər martın 3-dək qeyd olunan e-ünvanda qəbul olunacaq.
“Normativ hüquqi aktlar haqqında” qanuna əsasən, həyata keçirilən tədbir normayaratma fəaliyyətində aşkarlığın təmin olunmasına xidmət edir.