Sirli gündəlik, 80 erməninin məhvi, kəndə qayıdan bayraq – SƏBUHİ MƏMMƏDLİ YAZIR
19 yanvar 2018 10:35 (UTC +04:00)

Sirli gündəlik, 80 erməninin məhvi, kəndə qayıdan bayraq – SƏBUHİ MƏMMƏDLİ YAZIR

 

 

Sağollaşıb, bayıra çıxırıq. Mənimlə birgə olan APA-nın Qarabağ bürosunun əməkdaşları Habil və Ziyaya ilk dediklərim isə bu oldu: “Qaqa, biz bu müharibəni udacağıq”.

 

Habilin maraqla mənə baxdığını anındaca hiss etdim:

 

- Heç bir hərbi təhsili olmayan adamların nələr etdiklərini eşitdin? Heç bir hərbi hazırlığı olmayan birisinin 100 dəfədən çox erməni arxasına keçib yaxşı mənada nə hoqqalardan çıxdığına qulaq asdın? İnanılmazdı, amma olub axı. Demək, bu millətdə bu potensial var da...

 

Habil dinməzcə maşınını sürdü...

 

II YAZI

 

(Əvvəli burda http://news.lent.az/news/292582)

 

Qardaşların atası İmran kişiylə məşhur alim Xudu Məmmədov yaxın qohumdurlar. Yeri gəlmişkən, müharibədə 53 şəhid verib Mərzili kəndi. Amma bu kənddə hamı Mərzilinin ilk şəhidi kimi Xudu müəllimi tanıyır. Münaqişə başlayan vaxtlarda ürəyi dözməmişdi məşhur alimin.

 

Yaş fərqinə baxmayaraq, Xudu müəllimlə Tahir dost olublar. Şəkildə gördüyünüz o bayrağı da Xudu müəllim veribmiş Tahirə...

 

Yusif müəllim deyir ki, bu bayraq Mərziliyə gələn ilk bayraqdır. Həmin bayrağı da Tahir saxlayırdı.

 

- Döyüşlər başlayanda Tahir daim bayrağı yanında gəzdirirdi. Səliqəylə maşından asmışdı. Maşınından tapılan iki şeydən biri məhz bu bayraq oldu. İndi də evin ən əziz yerində qorunur.

 

Bəs maşından tapılan ikinci şey nə idi? Hə, söhbət Tahirin gündəliyindən gedir. O gündəlikdən ki, Yusif müəllim onu az qala yalvara-yalvara yazdırıbmış ona.

 

- Deyirdi ay Yusif, nə gündəlik, nə yazı-pozu, qoy müharibə qurtarsın, yazaram. Təkidlə xahiş edirdim ki, Tahir, mütləq yaz. Deyirdim sən və döyüşçülərin tarix yazırsız. Götür bunları qələmə al. Birtəhər razı sala bilmişdim.

 

Tahirin gündəliyindən:

(Üslub olduğu kimi saxlanılıb – S.M.)  

 

“Yusif, qardaşım, sən həmişə məni məcbur etmisən ki, gündəlik yazım. Mənimsə buna nə səbrim var, nə vaxtım. Özüm də indi çox əsəbiyəm. Bu gün mənim üçün ən ağır gündür. Bağışla ki, sənin mənə göndərdiyin bu dəftərin siftəsini çox kədərli bir hadisəylə başlayıram. İndi axşam çağıdı. Gün ərzində baş verən hadisələri və sonra nələr olacaq bilmirəm. Bu əməliyyatdan sonra yazacam.

Kədərli deyəndə mənim üçün ağır olan odur ki, nə vaxtdan bəri gözlədiyim hücum əməliyyatı pozuldu…

 

Hələlik!”

 

Tahirin gündəliyi təkcə onun ömür yolunu əks etdirmir.  Ayrı-ayrı əməliyyatlar detallı şəkildə təsvir edilir, həmin dövrdə Azərbaycan əsgərinin silah-sursat cəhətdən hansı çətinliklər yaşadığı çılpaqlığı ilə göstərilir. Məsələn, 1992-ci ilin avqustunda Tahir yazırdı:

 

“Yusif, salam! Deməli bizə trivoqa verdilər. Hücum əmri, tapşırıq belə idi ki, rotalar göstərilən yüksəklikləri tutur və gözləyirlər. Artilleriya isə ermənilərin mövqelərini müntəzəm surətdə atəş altında saxlayır. Bu vaxt bizim dəstələr hərəkət edib erməni kəndlərinin arxasındakı yüksəklikləri tutur.

Səhər saat 10-da sol tərəfdən Şuşa rotası hücuma keçdi. Və bizim sol tuşumuzda olan postu tutdu. Düzdü, biz onları görmürdük. Çünki biz meşəlikdə idik. Şuşa rotası döyüşə yarım saat vaxt etdi. Onlar postu  tutan kimi mən Hasdı və Təkirin arasına keçmək  üçün İlhama iki nəfər öz uşaqlarımızdan qoşub qabağa yola saldım. Mənim sərəncamımda olan rotanın 40 nəfəri öz Mərzili rotamızdan, iki vzvod isə Gülablıdan idi. Vzvodun birinin komandiri Amil, o birisi isə minamyotlu vzvodun komandiri isə Sadiq idi. İlham Amilin zamkomvzvodudur. Maşallah olsun çox yaxşı oğlandır.

Mən sol tərəfdən arxeyin olan kimi hərəkət əmrini verdim. Bu vaxt mənim sağımda Avdalın üst tərəfindəki vişqanın sağındakı təpəyə bir tank, bir BMP çıxdı. Orda bizim Bağbanlar və Şıxbabalı uşaqları idi. Yerli Avdal uşaqları da orada idi. Onlar Miri kəndin arxasına keçib Harov yolunu kəsməli idi. Aşağıdan dərə yuxarı bir tank gözləyirdi.  Hansı ki, həmin tank Təkirə qalxıb orda məni Qağarza tərəfdən texnika gələrsə texnikadan qorumalı idi. Çünki mənim rotam Hasdı, Təkir arasındakı yolu kəsməli idi. Həmin təpəyə  bir yol da Qağarzadan gəlirdi. Biz silah sıradan çox kasıb idik. 2 peka ermənidən ələ keçirmişdik. Bir qranatamyot, qalanı isə avtomat idi”.

 

Mərzilidə AXC-nin ilk təşkilatını da yaradan məhz Tahir olub. Özü də Xudu Məmmədovun tövsiyəsi ilə. Gündəliyin bir yerində Tahir yazır:

“Yusif, mən bilmirəm nə vaxtsa sən bu dəftəri oxuyacaqsan. Onda mən olacağam ya yox, dəxli yoxdur. Ancaq mən sən istədiyin kimi gündəlik yaza bilmirəm. Mən nə vaxtım, nə səbrim nə də qabiliyyətim buna imkan vermir. Ancaq mən çalışacağam ki, 88-dən başıma gələn həqiqi hadisələri qeyd eliyəm.

Mən hələ heç nə eləməmişəm. Heç bir qəhrəmanlığım da olmayıb. Ancaq mən çox əziyyətlər çəkmişəm. Həmişə də saldırdığım armudu başqası qapıb. Mən heç vaxt ad-san, qazanc dalıncan getməmişəm. Həmişə ümumin xeyri üçün çalışmışam.

Hərb mənim ikinci həyatımdır. Bəli, AXC-ni Mərziliyə mən gətirmişəm. İndi dalğa vurub məni kənara atıb. İndi bu gün, 92-ci ildə mən AXC-yə özümə nifrət eliyirəm.  Çünki AXC-yə elə adamlar giriblər ki, onlar köhnə kompartiya müftəxorlarından fərqlənmirlər.

Bizimsə gücümüz çatmır onlara. Çünki onlar içimizə girmiş qurdlardı. Qarnımızı bıçaqla cırıb özümüzü öldürmək zorundayıq. Bəli, bəli, bu qurdları öldürmək üçün ancaq intihardı çıxış yolu. Çünki həkim yoxdu, dərman yoxdu....

Mən əvvəlki yazımın arxasında Nizami Şükürovun, Fred Asifin adını çəkdim. Yadıma Eldar Bağırov düşdü. Nizami həkim düşdü, Şirin Mirzəyev düşdü. Ağladım. Yenə ağlayıram. İnan əlimdə əlacım olsaydı Eldar Bağırovun, Şirin Mirzəyevin haqqında pis  danışanların dərisini soyardım. İmkanım olsaydı sənə Şirin Mirzəyevdən, Eldar Bağırovdan, Nizami Şükürovdan Beyləqanlı Məmmədyar kişidən bir dastan danışardım. İndi mən onların davamçılarını görəndə dağlanıram. Ölərdim dərdim olmazdı Şirin Mirzəyevin ən böyük sərkərdə olduğunu xalqıma çatdıra bilsəydim, inandıra bilsəydim. Böyük sərkərdə. Böyük insan. Adsız qəhrəman”.

 

Amma təkcə onlarmı? Zahid danışır ki, onun kəşfiyyatçı dəstəsində elə oğlanlar olub ki, günlərlə düşmən arxasında qalıblar, erməninin heç xəbəri olmayıb. Amma az qala kəlbətinlə söz çıxır Zahiddən. Heç danışmaq istəmir. Düşmən arxasında onlarla əməliyyat həyata keçirən bu adam elədiklərindən heç danışmaq istəmir.

 

Yusif müəllim Novruzlu əməliyyatını xatırladır. Gülümsəyir. Bir qədər fikrə gedir.

 

- Nə danışım e. Girdik içəri, elədiyimizi elədik.

 

- Bir qədər detallı olarmı?

 

- Həmin əməliyyatı özüm hazırlamışdım. Xəritəsinə kimi, bütün xırdalıqlarına qədər. Gecə Novruzlu kəndi istiqamətindən ermənilərin arxasına keçdik. Heç ağıllarına gəlməzdi, bir neçə metrlikdəyik. Bir neçə postlarını ildırım sürətilə tutduq. 80-dən çox erməni məhv etdik. Ratsiya ilə bizimkilərə dedim ki, təmizlədik, girin. Amma indiyə qədər bilmədiyim səbəbdən bizimkilər yerlərindən tərpənmədilər. Ermənilərə isə kömək gəldi. 8 nəfəri itirdik onda. Canavar kimi uşaqlar idi. İkisinin meyitini götürə bildik. İki gündən sonra mühasirəni yarıb, çıxdıq. Həmin vaxt kəndə xəbər yayılıb ki, İmran kişinin dördüncü oğlu da şəhid oldu…

 

- Bundan sonra Zahidin başına daha nələr gələcəkdi?

 

- Tahirin gündəliyində daha nələr yazılmışdı?

 

- Bu  gündəliyin son cümləsi nə idi?

 

Lent.az-da qalın. Beş qardaşın heyrətamiz hekayəti davam edir…

# 275
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar