“İdeoloji sahədə qalib gəlmədən heç bir sahədə qalib gəlmək olmaz. Gənclərimiz düzgün yolda olmasa, uğur əldə edə bilmərik. Heydər Əliyev də deyib ki, gənclərimiz dini olduğu kimi öyrənməlidir, biz heç vaxt imkan verə bilmərik ki, ayrı-ayrı qüvvələr islam adı altında gənclərimizi zədələsinlər”.
APA-nın verdiyi məlumata görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) din xadimləri üçün təşkil etdiyi təkmilləşdirmə kursunun açılışı ilə bağlı keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı (Aran) söyləyib.
S. Aran deyib ki, bu gün ayrı-ayrı qruplar gənclərə fanatizm ruhu aşılamaq istəyirlər: “Bu gün cəmiyyətimizdə baş verən hadisələrə baxaq, Suriyada cavan həyatını heç nədən məhv edən insanlara təsir edirlər ki, bu yola gedirlər. Biz heç bir kəsin dini etiqadına, dəstəklədiyi hansısa dini istiqamətin ayinlərini yerinə yetirməsinə etiraz etmirik. Bu, Konstitusiyada da əksini tapıb. Lakin qanunvericiliyə görə, heç kəs başqasını şirnikləndirməklə zorla təsiri altına sala bilməz. İnanıram ki, bu kurs insanların intellektual səviyyəsinin artması istiqamətində səmərəli olacaq. Kənarda iki fərqli təriqət daşıyıcısının dialoqunda kim daha intellektualdırsa, cəmiyyətdə o rəğbətlə qarşılanacaq. Biz intellektual olmalıyıq ki, həmişə qalib olaq”.