Sevmək üçün əl boyda kağız
28 oktyabr 2014 13:15 (UTC +04:00)

Sevmək üçün əl boyda kağız

 

Almaniyada yaşayan türk rejissoru və ssenaristi Fatih Akının “Divara qarşı” adlı maraqlı bir filmi var. Filmin qəhrəmanları həyatı alınmayan 40 yaşlı Cahid və gənc Sibeldir.  

 

 

Onlar da əslən türkdürlər və Almaniyada yaşayırlar. Hər ikisi intihar astanasındadır. Sibel mühafizəkar ailəsinin – ata və qardaşlarının əlindən bu yolu seçib. Cahidin isə dərd-sərindən başqa heç nəyi yoxdur. Bir gün tanış olurlar. Sibel öz həyatını özü bildiyi kimi yaşamaq üçün Cahiddən qəribə bir xahiş edir: yalançı nikaha girərək onu ata və qardaşlarının əsarətindən xilas etsin.

 

Cahid əvvəl razılaşmır. Sonra çətinliklə də olsa razılığa gəlir. Ancaq bu “ev arkadaşlığı” Cahidin Sibelə aşiq olması ilə nəticələnir və günlərin birində Cahid Sibelin sevgililərindən birini öldürüb məhbəsə düşür. Sibel Türkiyəyə köçüb ailə qurur. Cahid məhbəsdən çıxan kimi Sibelin arxasınca Türkiyəyə gəlir. O, Sibeli də götürüb öz məmləkətinə dönmək istəyir. Sibeli tapır, Sibel getməyə razı olur. Ancaq, ailəlidir. Həyat yoldaşını atmaq asan olsa da, balaca qızını ata bilmir. Onun səsi inqilabçı Sibeli ailəyə, gələnəklərə, adi, sıradan bir qadın olmağa səsləyir və Sibel təslim olur.

 

Umarım, izləməyənlər filmin adının niyə “Divara qarşı” olduğunu anladılar.

 

Adət-ənənələr, mentalitet, dini dəyərlər ilk baxışdan göründüyü qədər yumşaq və humanist deyil. Əks getdinmi, tərs üzünü onda görəcəksən.

 

İnsanların beynində daşlaşmış, divarlaşmır dəyərlər toplusu var. Onu dağıtmaq, hardasa imkansızdır. Çünki bu divarın üzünə namusdan, əxlaqdan zireh çəkilib.

 

Bu günlərdə bir tanışımla namus üstündə anasını qətlə yetirən gənclə bağlı mətbuatda gedən yazını müzakirə edirdik. Məlum oldu ki, tanışım həmin gənci Moskvadan tanıyır. O, məndən daha inandırıcı arqumentlər gətirdi. Mənim “Heç bir səbəb insan ölümünə haqq qazandırmır” – inadıma qarşılıq mentalitet və dini dəyərlərlə süslənüb-püslənən fikirləri ilə hamını heyrətləndirdi: həmin qadın “pis yola” gedərkən, oğlunu düşünməli idi! Moskvada mübahisə etdiyi adamlardan biri “Sən burda sinəni qabağa verib gəzirsən, amma xəbərin yoxdur ki, anan vətəndə hansı işlərlə məşğul olur?” – deyincə, adam nə etməli idi? Necə gəzməli idi dost-tanışın arasında? Olmazdımı qadın, bir mollaya kəbin kəsdirib əlində əsas edəydi, əl boyda kağıza görə oğlu belə çətin vəziyyətdə qalmayaydı.

 

Nə olsun əri də, oğlu da atmışdı qadını.

 

Nə olsun onun əlacı yox idi.

 

Açığını deyim, qaldım mat-məəttəl!

 

Əl boyda kağız e...

 

Səmimi qəlbdən inandım ki, əl boyda kağız o qadının həyatını xilas edə bilərdi.

 

Bəli, yaxşı-pis, istənilən gələnəyə qarşı çıxan insan divarla üz-üzə qalır. Divara qarşı dayanmağa məhkum olur və çox zaman bu sarsılmaz maneələr önündə ağ bayraq qaldırır.

 

Bəzi hallarda isə, bu dirənişin qurbanı olur. Nədi-nədi istədiyi insanla ünsiyyət üçün kiməsə beş-üç manat verib, əl boyda “icazə kağızı” almayıb.     

 

    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 969

Oxşar yazılar