GÜNÜN ŞƏRHİ
Minsk razılaşmaları ilə bağlı əsas ehtimal özünü doğruldu - imzalanan sənəd adi kağız parçasından başqa bir şey deyil. Səbəb də aydındır - sənəddəki müddəaların işləmə mexanizmi yoxdur. Tərəflərin 16 saatlıq danışıqlardan sonra verdiyi ehtiyatlı açıqlamaların arxasında da bu amil dayanırdı. İşlək mexanizmi olmayan sazişin heç bir əhəmiyyəti yoxdur. Baxmayaraq ki, tərəflərin fasilə götürməyə ciddi ehtiyacı var, günün şərtləri buna imkan vermir. Şərtləri diktə edən isə qlobal təhlükəsizlik sistemində gedən dəyişikliklər, Qərb-Rusiya qarşıdurmasıdır. Lakin Ukraynadakı münaqişəni təkcə bu qarşıdurma kontekstində dəyərləndirmək olmaz. Bu münaqişə Avrasiya qitəsinin gələcəyini, ikiqütblü dünya düzəninə qayıdışın taleyini müəyyənləşdirəcək. Bu səbəbdən münaqişənin tərəfləri təkcə Ukrayna, Rusiya, separatçı rejimlər deyil. Bu münaqişədə ABŞ, Ukraynanın yanında yer alan və almayan Avropa Birliyi dövlətləri, Türkiyə, postsovet ölkələri, İran, hətta Çin belə tərəfdir. Buna görə də, maraqların bu qədər toqquşduğu münaqişənin bir sazişlə nizamlanmasını gözləməyə dəyməzdi.
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 17 Fevral
86