.GÜNÜN ŞƏRHİ
Türkiyədə 15 iyulla bağlı dəyərləndirmələr içərisində əksəriyyətə təəccüblü gələn, məntiqlə qəbul edə bilmədiyi bir məqam var. Necə olur ki, silahsız, sadə insanların sinələri tankların önünə sipər edir? Suala cavab tapa bilməyənlər son nəticədə baş verənləri AKP-nin planlanmış oyunu adlandırmaqla kifayətlənirlər. Mən əksini düşünürəm. Türkiyə öz tarixinin ən dəhşətli səhifələrindən birini ən yaxın tarixdə, 12 sentyabr 1980-ci il çevrilişi dönəmində yaşayıb. TƏkcə rəqəmlərə nəzərə salmaq kifayət edər. Çevrilişdən sonra 1 milyon 683 min nəfər təhqiqata cəlb edilib, 230 min nəfər məhkəmədə mühakimə olunub. 7 min nəfərin edam hökmünə məhkum edilməsi istənilib, 517 nəfər haqqında edam hökmü çıxarılıb. Onlardan 50 nəfər dar ağacından asılmaqla edam olunub. 169 min nəfər azadlıqdan məhrum edilib. 30 min nəfər işdən, 14 min nəfər vətəndaşlıqdan, 30 min nəfər ölkədən çıxarılıb. 300 nəfər müəmmalı şəkildə ölüb, 171 nəfərin işgəncə verilərək öldürüldüyü məlum olub. 400 jurnalist üst-üstə 4 min ilə yaxın həbsə məhkum edilib. 300 jurnalist hücuma məruz qalıb, 3 jurnalist öldürülüb. Qəzetlərin çap olunmasına 300 günlük qadağa qoyulub. Həbsə atılan şəxslərdən 299 nəfər ölüb, onlardan 14 nəfər aclıq aksiyası keçirərkən dünyasını dəyişib, 43 nəfər intihar edib. Türkiyə bu dəhşəti orta əsrlərdə deyil, cəmi 36 il öncə yaşayıb. Tək Türkiyədə deyil, dünyanın heç bir ölkəsində heç kəs o cür ağrılı günləri bir də yaşamaq istəməz. Elə isə bu günləri görmüş insanların, Türk xalqının 15 iyulda özünü tankların altına ataraq hərbi çevriliş cəhdinin qarşısını alması niyə sizlərə təəccüblü gəlir?
Vüqar MƏSİMOĞLU