İnsan haqlarını müdafiə qurumlarının Güney Azərbaycan əyalətlərində dil, kültür və incəsənət sahələrində fəaliyyəti məhdud olduğundan hüquq müdafiəçiləri davamlı olaraq hakimiyyətin təqib, təhdid və basqılarına məruz qaldıqlarını deyir.
Bu növ basqıların qurbanlarından biri, 2011 sentyabrında hakimiyyət tərəfindən qapadılan “Pinar” nəşriyyatının müdiri Şərifə Cəfəri üzləşdiyi təzyiqlər haqda “Amerikanın Səsi”nə müsahibə verib .
Şair, yazıçı, naşır, radio və TV prodüseri olan Şərifə Cəfəri Şərqi Azərbaycan əyalətinin Miyana şəhərindəndir. Fəaliyyətinə görə məruz qaldığı təqib və basqılar üzündən ölkəni tərk edərək, təqribən 5 ay öncə o, qonşu Türkiyəyə köçüb və hazırda Ankara şəhərində yaşayır.
Xanım Cəfəri “Pinar” nəşriyyatını qurmazdan öncə Azərbaycanın Zəncan əyalətində radio və televiziyasında redaktor kimi işləyib. Sonralar prodüseri olduğu «Yaşıl Yarpaq» adlı ədəbiyyat verilişinin yayılması məsullar tərəfindən dayandırılıb.
Onun sözlərinə görə, proqramın dayandırılmasının səbəbi canlı veriliş əsnasında Azərbaycan Milli Höküməti dövründə fəal olan zəncanlı şairə Hökümə Billurinin adının çəkilməsi olub. Bundan sonra Zəncan radio-televizyası məsulları Şərifə Cəfərini proqramda kommunistləri təbliğ etməkdə günahlandırıblar.
Azərbaycanlı şairə və ədəbiyyatçı Hökümə Billuri 1926-cı ildə Zəncanda dünyaya gəlib. 1946-cı ildə güneydə Azərbaycan Milli Höküməti yıxılandan sonra Azərbaycan Respublikasına köçmüşdü. Xanım Billuri 2000-ci ildə, 75 yaşında vəfat edib.
Şərifə Cəfərinin dediyinə görə, “Zəncan tele-radio qanunlarına görə, türk dilində olan verilişlərdə 40 faiz fars sözləri işlədilməli idi...”
Radio və televiziya işindən sonra xanım Cəfəri kitab nəşri sahəsində çalışmağa qərar verərək, “Pınar” Nəşriyyatını qurub. Nəşriyyatın Azərbaycanın mədəniyyət, ədəbiyyat və tarixi ilə bağlı yaydığı kitablar vətəndaşlar tərəfindən yaxşı qarşılanıb və kitab sərgilərində uğur qazanıb. Ancaq naşirin dediklərindən: “Azərbaycan türkcəsində kitabların çap olmasına çox çətin icazə verilirdi. Nəşr icazəsi alan kitabların bir çoxunda yazı qaydaları ilə bağlı problemlər çıxarır, yayım imkanı vermirdilər.”
“Sevgi azadlıqdır” adlı şeir toplusu və türkcədən farscaya çevrilmiş “Muxtəsər Türk Tarixi” adında kitablar nəşr icazəsi alsalar da, çapdan çıxdıqdan sonra yayılmasına imkan verilməyib. Nəşriyyatın müdiri Şərifə Cəfəri bu dəfə artıq «pan-türkçülük düşüncələrini» təbliğ etməklə ittiham olunub.
İranda Azərbaycanlı Siyasi Məhbuslarını Müdafiə Birliyinin (ADAPP) yaydığı bəyanatlarda da bu vurğulanır: “İranda Azərbaycan türkcəsində kitab nəşri çox məhduddur və daha öncə nəşr icazəsi olan kitabların yenidən buraxılmasına imkan verilmir».
İran İslam Respublikası son illərdə Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı məqalələr və kitablar yayan bəzi qəzetlərin, nəşr mərkəzlərinin fəaliyyətini dayandırıb.
«Amerikanın səsi» radiosu