Elə bilirsiz asandı? Oxumağı deyirəm e, kitab oxumağı. Mütaliəni. Adamın başına elə işlər gəlir ki, şeytana danışsan, məəttəl qalar ki, bu mənim niyə ağlıma gəlməyib. İndi ta mən axtarıb şeytan tapası deyiləm, amma sizlərə danışa bilərəm. Sadəcə birini. Görün, mən mütaliə naminə nə zülmlər çəkirəm. Başladıq...
Mənim bir dostum var. Hamının var e, bilirəm, amma bu dost deyil, xalis baş bəlasıdı. Əlimdə kitab gördümü, elə bil düşmənini görür. Adam konkret kitab düşmənidi. Özünəməxsus faktları da var kişinin, deyir ki, bax sənin atan da oxuyurdu, amma mənim atam çoban idi. Sən oxuyurdun, amma mən qoyun-zad otarırdım. Bax indi mənim evim var, sənsə kirayədə hələ də kitab oxuyursan. Yoldaşı da, öz əmisi qızıdı. O da eynən, dostum kimi, kitabı “cümlə fəlakətlərə bais” bilir. Üstəgəl, kimsə bu xanıma deyib ki, indiki kitab yazanların hamısı pozğundu, çox pis şeylərdən yazırlar.
Bir dəfə zülm-zillətlə bir kitab verdim apardı. Şərif Ağayarın “Haramı”sını. Dedim ki, sizdən yazıb - çobanlardan. “Azərbaycan çoban ədəbiyyatının” nümunəsidi. Beləcə də dedim. İnandı da! (Bəlkə də elə düz etdi inandı, o heç)
Gedib evə çatıb. Arvadağa qapını aç ki, kişi gəlib, qoltuğunda da kitab. Başından vurulmuşa dönüb arvad, qayıdıb deyib: “bir evə kitab gərtirməyin qalmışdı”.
Amma sən demə, bizim gəlinbacıya da kitab lazım imiş. Xəyal qurmayın, oxumaq üçün yox. Neçə vaxtdı fala baxmaq üçün kitab axtarırmış, di gəl, evdə kitab nə gəzir. Hə, hə... Fala baxmaq üçün. Səhv oxumadınız. Kitabı bükürsən, gözünü yumub, təsadüfi bir səhifəni açırsan, ilk gördüyün cümləni oxuyursan, ürəyində tutduğun məsələyə tətbiq edirsən, olur fala baxmaq. Xanımın yadında məktəbdən qalıbmış bu. Neçə gün imiş beynindəki bir məsələyə, kitabla fal açmaq istəyirmiş, di gəl, kitab tapa bilmirmiş.
“Bədənimin ağırlığı altında Dilşad ehtirasın yeddinci həzzini yaşayırdı”. Dostumun yoldaşının gözlərini yumub barmağını üstünə qoyduğu, sonra da höccələyə-höccələyə oxuduğu cümlə bu imiş... Nəə??? Bu nə idi beləə???
- Allah sənin bəlanı versin! Mən sənə demişdim də, bunlar hamısı pozğundu! Mən bilirəm, mənim ailəmi dağıtsa sənin o kor olmuş dostun dağıdacaq! Min dəfə dedim ki, onunla oturub-durma. Kor olsun onu!
Dostum yoldaşının bu sözlərini mənə onda demədi, eləcə hadisəni nəql elədi. Bu sözlərin deyildiyini mən çox sonra bildim, sonadək oxusanız, siz də biləcəksiniz ki, nə vaxt...
Yayda ailələri kəndə, istirahətə göndərəndən sonra dostum, demək olar ki, hər gün bizə gəlirdi. Yay günləri axşamçağı işdən çıxan kimi pivələyib sərinləməyə qaçırdı. Sonra da uzaq yolu, “ayıq sürücü” xidmətinə pul xərcləməmək üçün, bizdə qalırdı. Bizim ev onun iş yerinə yaxın idi, axı.
Kitaba aqressiyası yerindəydi. Axırıncı söhbətdən sonra bir xeyli müddət məndən kənar gəzmişdi, küskün idi sanki. Amma illərin dostluğu sözünü deyirdi, nə qədər incik də olsa, azca vaxt lazım idi ki, barışsın. Hər gün birlikdə olsaq da, kitab mövzusunda, hərə öz fikrində və işindəydi. Mən oxumağımdan qalmırdım, o isə danışmağından...
O vaxtlar mən Umberto Ekonun, “Qızılgülün adı” romanını oxuyurdum. Oxumaq da var oxumaq da... Oxuduğum bütün kitablarda çalışıram ki, qaranlıq yer qalmasın. Amma bu lap dəhşət idi. Demək olar ki, hər səhifədə aşağıda şərhlər verilməsinə baxmayaraq, qane olmurdum, durub cumurdum google-un canına. Nə başınızı ağrıdım, bu kitabı oxumağa azı 15-20 gün vaxtım getdi, amma Allah Ekonun keçənlərinə rəhmət eləsin, heç peşman olmadım. Kitab haqda danışmaq istəmirəm, həm bunu edəcək adam olmadığımı düşünürəm, həm də mövzumuz bu deyil.
Dostum, mən kitabı oxuduqca, özünü saxlaya bilməyib suallar verirdi. Nə kitab olduğunu, nədən bəhs etdiyini soruşurdu. Mən də qısa cavablarla onu mövzudan yayındırırdım ki, vaxtımı almasın. “Tarixi mövzudu”, “Xristian dinindən bəhs edir”, “Detektivfason bir şeydi”... Arada müəllifi soruşurdu, deyirdim ki, bax bu kişiyə, nazir olmağı təklif ediblər, getməyib. Deyib, mənə belə yaxşıdı, filan. Nə isə, söhbət “yanını tutmurdu”. İki kəlmədən sonra durub keçirdi mətbəxə. “Pırrıççç” - bu onun yeni pivə butulkası açmağının işarəsi idi. “Aha, şükür! Vuracaq özüyçün, ta mənimlə işi olmaz” - bu da mənim o səsə ürəyimdəki reaksiyam.
Bir kitabı bitirdimmi, ilk işim o kitaba çəkilmiş filmin olub-olmadığını axtarmaqdı. Bunu isə axtarmağa da ehtiyac yox idi, əvvəldən bilirdim ki, filmi var. Hazır qoymuşdum qırağa linki, bitirən kimi tıklayacaqdım.
Mən “Gülün adı”na baxmağa başlamışdım ki, qapı döyüldü. Gələnin kimliyi aydın idi, gözümü ekrandan ayırmadan “qapı açıqdı” çığırdım. Dostum, adəti üzrə əlində bir torba pivə içəri girdi. Pivələri mətbəxə qoyub, elə ordanca səsləndi:
- Neynirsən?
- Kinoya baxıram.
- Nə kino?
- Oxuduğum kitabın kinosu.
- O dini kitab? (Verdiyim qısa izahlardan niyəsə bu qənaətə gəlmişdi)
- Həəə...
- O nazir olmaq istəməyən kişinin kitabı?
- Hə də, həəə...
- İçməyəcəksən?
Bunu deyə-deyə səsin yaxınlaşdığını hiss edirdim.
- İçəcəm, get yuyun elə, gətirərsən !
Başını qapıdan içəri uzadıb, gözünün ucuyla kompüterin monitoruna baxdı. Bahoo... elə dostumun baxdığı anda, rahiblər salamlaşıb, Eko demiş, “ağızdan öpüşürdülər”!
- Budu tarix?
- Yox, bu tarixi hadisədi – zarafata keçdim, ciddi izah veriləsi adam deyildi, demişəm axı.
- Budu xristian dini?
- Yox, əsil xristianlıq bu deyil, sən səhv düşünürsən .
Doladığımı görüb, qapını çırpıb getdi. Gah hamamdan, gah mətbəxdən gələn səslərin fonunda filmə baxmağa davam edirdim ki, əlində iki pivə qapını açdı.
Açdı, nə açdı... Daha doğrusu, nə vaxt açdı. “Nöqtə atışı” dedikləri, bu olsa gərək. Dostum qapını açıb otağa girəndə, həmin o adı bəlli olmayan “gül”, rahib şəyirdini, gənc rahibi soyundururdu... Yox e, deyəsən, soyundurub qurtarmışdı...
(Kitabı oxumayanlar, lütfən tapın və oxuyun. Vallah, mən sizə vəziyyəti anlatmaq istəyirəm, amma bu sadəcə mümkün deyil. Bircə kəlimə ilə deyim ki, bu 400-500 səhifəlik kitabda bir səhifəlik bir epizoddu, mənası dərin olsa da, bu açıq-saçıqlıq deyə biləcəyimiz hissə, kitabın da, kinonun da əllidə, yüzdə bir hissəsini əhatə edir)
Əlindəki butulkaları stola qoydu. Gəlib düz qabağımda durdu. Bir xeyli eləcə dayandı. Mən də filmin “dur” düyməsinə basıb, dostumun nitqini gözləyirdim ki, sakitləşəndən sonra davam edim. Di gəl, danışmırdı... Handan-gecdən, sözə arvadının lap yuxarıda dediyim sözlərini misal çəkməklə başladı. Sonra da əlavə elədi:
- Budur, nazir təklifinə yox deyən yazıçı? Budur dünya ədəbiyyatı? A kişi, budur tarixi-detektiv əsər? Sənin bu Ekon, Şərif Ağayardan da pozğun imiş ki...
Pivə butulkasının qapağının açılmasını bildirən səs gəldi, ardınca davam etdi:
- Allah, sən mənim dostuma ağıl ver, yazıqdı... Amin!
Bunu deyib, pivə butulkasını xüsusi həzz ilə başına çəkdi...