Səlim Müslümova Qocalar evindəki “gənc”lərdən danışdılar
13 fevral 2014 11:24 (UTC +04:00)

Səlim Müslümova Qocalar evindəki “gənc”lərdən danışdılar

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakının Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri üçün pansionatda (Qocalar evi) dövlət himayəsində yaşayan tənha ahıl və əlillərin yaşayış şəraiti və onlara göstərilən xidmətin vəziyyəti ilə yerindəcə tanış olub. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, pansionatın sakinləri ilə görüşən Müslümov bu sosial xidmət müəssisəsində mövcud şəraitlə bağlı onların rəylərini öyrənib.

 

Tənha ahıl insanlar onlara göstərilən dövlət qayğısından, o cümlədən, burada onlar üçün yaradılan şəraitdən, təminatlarının həyata keçirilməsindən razılıqlarını ifadə ediblər.

Görüş zamanı ahıl yaşdan daha aşağı yaşda olan və pansionatın təyinat profilinə uyğun olmayan şəxslərin də əvvəllər pansionata yerləşdirildiyi nazirin diqqətinə çatdırılıb. Müslümov problemlə tanış olduğunu, yaşı 63-dən yuxarı tənha vətəndaşlar üçün nəzərdə tutulan bu pansionatda əvvəllər daha aşağı yaşda olan insanların da məskunlaşdırıldığını qeyd edib. Halbuki həmin insanlar təyinatı üzrə müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilməlidirlər.

 

Nazir artıq pansionata yeni rəhbərin təyin edildiyini və əvvəllər yol verilmiş belə nöqsanların aradan qaldırılacağını bildirib. O qeyd edib ki, hər bir sosial xidmət müəssisəsi öz təyinatı üzrə fəaliyyət göstərməlidir. Müslümov pansionatın profilinə uyğun olmadan burada yerləşdirilən 16 nəfərin nazirliyin tabeliyində olan digər sosial xidmət müəssisələrində yerləşdiriləcəyini deyib: “Onların hər birinin bundan sonrakı həyat şəraitləri diqqətdə saxlanılacaq, eyni zamanda içərilərində əlilliyi olan şəxslərin Sağlamlıq imkanları məhdud gənclər Peşə Reabilitasiyası Mərkəzində peşə reabilitasiyasına cəlb olunacaqlar”.

 

Həmin şəxslər, eləcə də pansionatın sakinləri məsələnin bu cür həllindən razı qaldıqlarını və minnətdarlıqlarını bildiriblər.

 

Müharibə və əmək əlilləri üçün pansionatda hazırda 155 nəfər tənha ahıl və əlil yaşayır, yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar. Pansionatda əsaslı təmir işləri aparılmaqla, pansionat üçün ikinci korpus inşa edilib və Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib.

 

Daha sonra Müslümov Nazirliyin Buzovna 9 saylı ruhi-əsəb əlilləri və qocalar üçün ixtisaslaşdırılmış internat evinə gəlib. Hazırda 214 nəfərin dövlət himayəsində yaşadığı internat evinin ayrı-ayrı sakinlərinin göstərilən xidmətlə bağlı fikirlərini dinləyən nazir burada yaşayanların məişət şəraiti, qida, geyim və tibbi xidmətlə təminatı vəziyyətini yerindəcə öyrənib və xidmət səviyyəsinin daha da yaxşılaşdırılması üçün tədbirlərin görüləcəyini bildirib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 850
avatar

Oxşar yazılar