Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin Şamaxı şəhərində yerləşən 1 saylı ruhi-əsəb əlilləri üçün internat evində dövlət himayəsində yaşayan şəxslərin məişət şəraiti və onlara göstərilən xidmətin vəziyyəti ilə tanış olub. Bu barədə Lent.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
S. Müslümov internat evindəki yeməkxanaya, kommunal təchizat sisteminin vəziyyətinə baxıb, burada yaşayanların məişət şəraiti, qida, geyim və tibbi xidmətlə təminatı vəziyyətini yerindəcə öyrənib. Məlumat verilərək bildirilib ki, 100 yerlik bu internat evində 105 nəfər dövlət himayəsinə ehtiyac duyan yaşayır və hazırda onlardan 12 nəfəri müvafiq müalicə müəssisəsində müalicə olunur. İnternat evinin ayrı-ayrı sakinləri son vaxtlar müəssisəyə yeni rəhbərin təyin olunmasından sonra onların təminatında xeyli müsbət dəyişikliklərin olduğunu bildirərək, razılıqlarını ifadə ediblər.
Nazir internat evində uzun müddətdir əsaslı təmir işləri aparılmadığından binanın bir sıra yerlərində, xüsusən yeməkxana korpusunda təmir işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Daha sonra S.Müslümov Şamaxı rayon Əhalinin sosial müdafiəsi mərkəzinə gəlib. Mərkəzin inzibati binasında təmir işlərinin aparılması barədə bir müddət əvvəl verilmiş tapşırığın icrası ilə bağlı görülən işlərlə tanış olan nazir burada iş şəraitinin daha da yaxşılaşdırılması üçün digər cari işlərin görülməsini tapşırıb. Bütün rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərində müasir tələblərə uyğun iş şəraitinin mövcud olması üçün müvafiq işlərin aparılacağını qeyd edən S.Müslümov mərkəzdə vətəndaşların müraciətlərinə baxılması vəziyyəti ilə də tanış olub. Mərkəzə müraciət edən vətəndaşların onlara göstərilən xidmətlə bağlı fikir və rəylərini öyrənən S.Müslümov hər bir vətəndaşın müraciətinə diqqət və qayğı ilə yanaşılması, lazımi hallarda vətəndaşlara sadə şəkildə müvafiq izahat işlərinin aparılması barədə mərkəzin məsul şəxslərinə tapşırıqlarını verib.