Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) "Özünədəstək" birdəfəlik sosial yardım layihəsini dayandırıb. Səbəb bütün ünvanlı sosial yardım prosesinin tam dəyişdirilməsi və avtomatlaşdırılmasına hazırlıqdır. APA TV-nin xəbərinə görə, nazir Səlim Müslümov bildirib ki, hələlik müzakirəsi davam edən dəyişikliyə əsasən, ailələr ünvanlı sosial yardımı iki il ardıcıl ala bilər, sonradan isə bu özünüdəstək layihəsinə keçəcək: "Baxırıq bazaya, elə ailələr var ki, 7 ildir, alır, artıq 8-ci ilə keçir. Amma bu yalnış bir şeydir. Bu, o deməkdir ki, ailə ömür boyu kasıbçılıq şəraitində yaşayır. İnsanlar düşünür ki, 20-24 gün işləyib, 150 manat almaqdansa, evdə oturub, 100 manat sosial yardım alar".
"Özünüdəstək proqramı" yeni dəyişikliklərlə təklif ediləcək. Səlim Müslümov bildirib ki, valideyn himayəsindən məhrum uşaqlar üçün Sosial Sığınacaq inşa olunur: "Bunlardan biri 50 nəfər uşağın sığınacağı kimi nəzərdə tutulub. Biri gözdən əlil 50 nəfər uşağın müalicəsi üçün, biri də eyni sayda gənclərin peşə təhsili alması üçündür".
Bundan başqa, cəzaçəkmə müəssisəsələrində öz cəzasını çəkmiş şəxslərin də cəmiyyətə inteqrasiyası üçün də Qobustan rayonunda 50 nəfərlik eyni tipli müəssisənin tikilişinə başlanılıb.
Qeyd edək ki, Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarının əməkdaşlarından ibarət komandalar arasında ilk dəfə olaraq keçirilən idman yarışlarına yekun vurulub. Mini-futbol turnirlərinin qalibləri olan komandalara kubok və medallar təqdim edilib.