Bu gün Bakı Dövlət Universitetində görkəmli Azərbaycan ziyalısı, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı olmuş Əməkdar müəllim Səidə İmanzadənin 100 illik yubileyinə həsr olunmuş “Nura boyanmış ömür” kitabının təqdimat mərasimi keçirilib. Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə BDU-nun rektoru, akademik Abel Məhərrəmov açıb.
Rektor deyib ki, Səidə xanım müəllimliklə yanaşı, ictimai fəaliyyətlə də məşğul olub. 1943-cü ildə 132 nömrəli məktəbə direktor təyin olunan Səidə xanım kadr çatışmazlığı olduğuna görə Bakı Dövlət Universitetinin tarix fakültəsində də dərs deyib, 1946-cı ildən isə o, taleyini universitetlə bağlayıb, dövrünün ən yüksək mükafatlarına layiq görülüb.
Daha sonra AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, tarix fakültəsinin dekan müavini Rəfael Süleymanov, kafedra müdirləri-Anar İsgəndərov, İradə Hüseynova, professorlar Nisbət Mehdiyeva, Sevda Süleymanova, “Nura boyanmış ömür” kitabının müəllifi Xeyrulla Ağayev, Respublika Klinik xəstəxanasının həkimi Sədaqət Qurbanova çıxış ediblər.
İmanzadələr ailəsi adından danışan ölkəmizin Tunisdəki səfiri, Səidə xanımın oğlu Mübariz İmanzadə tədbir təşkilatçılarına minnətdarlıq edib.