“Əczaçılıq fəaliyyəti göstərən müəssisələrə və satılan dərman preparatlarının keyfiyyətinə nəzarət gücləndirilib”. Lent.az-ın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. Onun sözlərinə görə, bununla əlaqədar respublikada fəaliyyət göstərən apteklərə mütəmadi olaraq baxış keçirilir, qeyri-qanuni fəaliyyət göstərən müəssisələr barədə tədbir görülür. “2013-cü il ərzində ümumilikdə ölkə üzrə 270 aptekdə yoxlamalar keçirilib. Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 5 aptek aşkarlanaraq fəaliyyətləri dayandırılıb. Həmçinin, keçirilən reydlər nəticəsində Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmamış və yararlıq haqqında analiz protokolları olmayan 8601 qutu, istifadə müddəti bitmiş 65 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilib”.
Nazir müavini qeyd edib ki, səhiyyənin tərkib hissəsi olan özəl səhiyyə strukturlarının fəaliyyəti də nazirliyin diqqət mərkəzində olub: “Hazırda respublika üzrə 500-ə yaxın özəl tibb müəssisəsi və kabineti, eləcə də 600-dən artıq əczaçılıq müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və bu xidmətin keyfiyyəti Səhiyyə Nazirliyi mütəxəssisləri tərəfindən mütəmadi olaraq araşdırılır”.
E. Ağayev onu da bildirib ki, tibb fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi işinin təkmilləşdirilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada yüksək ixtisaslı mütəxəssisləri cəlb etməklə müasir tələblərə uyğun dürüst və şəffaf üsullarla həyata keçirilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin əmri ilə xüsusi komissiya və Analitik Ekspertiza Mərkəzində müvafiq şöbə yaradılıb: “Bu sahədə nəzarətin gücləndirilməsi nəticəsində yalnız Bakı şəhərində lisenziyasız fəaliyyət göstərən stomatoloji xidmət göstərən 200-dən artıq hüquqi və fiziki şəxslər aşkar edilərək, onlar barədə müvafiq tədbir görülüb.
E. Ağayev vurğulayıb ki, ümumiyyətlə 2013-cü il ərzində 376 xüsusi razılıq (lisenziya) olmadan özəl tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olma faktı aşkar olunaraq inzibati icraat aparılıb.