Şəhidlik dastanı, övliyalar ocağı və göyləri minarəli şəhər - REPORTAJ
31 iyul 2018 14:16 (UTC +04:00)

Şəhidlik dastanı, övliyalar ocağı və göyləri minarəli şəhər - REPORTAJ

Türkiyədə baş verən 15 iyul dövlət çevrilişinə cəhd hadisəsinin ikinci ildönümü ilə bağlı Türkiyəyə səfər edən tək azərbaycanlı jurnalistlər deyildi. Qazaxıstan, Özbəkistan, Səudiyyə Ərəbistanı, Moldova, Tunis, hətta Qana və Nigeriyadan da həmkarlarımız bizimlə bərabər qardaş ölkəyə təşrif gətirmişdi. Amma səfərimizin məqsədi təkcə 15 iyul hadisələri ilə bağlı deyildi.

 

Məlumatı  olanlar çoxdan bilir, xəbərdar olmayanlara isə kiçik xatırlatma: Atatürk ölkəsinin tarixi Kastamonu şəhəri 2018-ci ildə Türk dünyası ölkələrinin mədəniyyət paytaxtı seçilib. TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Şurasının iclasında elan olunan qərar çərçivəsində adına “Övliyalar şəhəri” deyilən bu özü kiçik, tarixi böyük şəhərdə ilboyu tədbirlər keçirilir.

 

Bir faktı da deyim, Kastamonu haqqında sonra danışarıq. Çünki hələ İstanbuldayıq və bu dünya incisi şəhərdən Kastamonuya düz 500 kilometr yol var. 2016-cı ildən bu yana Şəki də daxil olmaqla, 6 şəhər türk dünyasının mədəniyyət paytaxtı elan olunub. Bu altı şəhərdən bəziləri məhz mədəniyyət paytaxtı olandan sonra UNESCO-nun siyahılarına daxil olublar.

 

* * *

 

Səfər gününün səhəri Türkiyə Mətbuat və İnformasiya Baş İdarəsinin direktoru Mehmet Akarcanın iştirakı ilə mətbuat konfransı keçirildi. Türkiyə prezidentinin baş sözçüsü 15 iyul hadisəsi, FETÖ terror təşkilatı, aparılan istintaq tədbirləri haqqında jurnalistlərə ətraflı məlumat verdi. Və əlbəttə, onu da deməyi unutmadı ki, Azərbaycan FETÖ ilə mübarizəyə ilk başlayan ölkələrdən biridir: (Sinxron).

 

Mehmet Akarca FETÖ-nün təşkilatlanma strategiyası, insanları öz təsiri altına alma yolları haqqında da çox maraqlı faktlara toxundu (Sinxron).

 

* * *

 

Və İstanbulla tanışlıq... Göyləri minarə şəhər... Həmin gün İstanbula təkcə biz aşiq olmadıq, həm də uzaq-uzaq ölkələrdən gələn jurnalistlər də bu göyləri minarəli şəhərin əfsanəvi cazibəsini gözlərinin, ürəklərinin dərinliyinə çəkdi. Şair Orxan Vəlinin dili ilə desəm, həmin gün İstanbulu dinlədik. Həm də gözlərimiz qapalı:

 

Əfsanələrə görə, İstanbul yeddi təpə üzərində qurulub. Şəhər iqtisadi böyüklüyünə görə dünyada 7-ci, əhalisinə görə Şanxay, Kəraçi və Pekindən sonra dördüncü böyük şəhərdir. Türkiyənin hər beş vətəndaşından biri İstanbulda yaşayır.

 

1453-cü ildə Fateh Sultan Mehmed tərəfindən fəth edilən şəhər 1453-1922-ci illərdə Osmanlı İmperiyasının paytaxtı olub. Amma Osmanlının paytaxtına qədər bu əzəmətli şəhər Roma imperiyası və Bizans imperiyasının da baş şəhəri olub. Ötən əsrin 20-ci illərinə qədər bütün beynəlxalq sənədlərdə şəhərin rəsmi adı Konstantinopol kimi qeyd edilirdi. 1923-cü ildə Türkiyə Cümhuriyyəti qurulandan sonra isə paytaxt Ankaraya köçürüldü və bütün sənədlərdə şəhərin adının İstanbul yazılması haqqında qərar qəbul edildi.

 

Ayağını Mərmərə, Aralıq və Qara dənizlərinin yuduğu İstanbul təkcə paşalar yox, həm də muzeylər şəhəridir. Sultan Əhməd camesi, Topqapı sarayı və Ayasofya məbədi dünya mədəniyyətinin inciləri hesab olunur.

 

Bizi əvvəlcə Ayasofya məbədinə apardılar. Bizans dövrünün ən gözəl memarlıq və sənət nümunəsini özündə birləşdirən bu tarixi memarlıq abidəsi 916 illik müddət ərzində kilsə olaraq istifadə edilsə də, 1453-cü ildən sonrakı dövrdə - Sultan Mehmetin İstanbulu fəthindən sonra məscidə çevrilib. Burda vacib qeyd: böyük fəthdən sonra abidə məscidə çevrilsə də, kilsədəki rəsmlər məhv edilmədi. Təkcə bu fakt türklərin başqa xalqların inancına olan hörmət və ehtiram hissinin göstəricisi deyilmi? 1935-ci ildə Atatürkün əmri ilə Ayasofyadan muzey kimi istifadə edilməyə başlanılıb. Bu tarixi abidə dünyada həm məscidi, həm də kilsəni özündə birləşdirən yeganə abidədir. Muzey bələdçisindən öyrənirik ki, Ayasofyanı ildə 7 milyon turist ziyarət edir. Biletin qiyməti isə 40 Türkiyə lirəsi – yəni 14 manatdır.

 

* * *

 

Topqapı Sarayı... Osmanlı sultanlarının iqamətgahı. Sarayın inşasına 1459-cu ildə Konstantinopolu işğal etmiş Sultan II Mehmedin əmri ilə başlanılıb. Saray XIX əsrdən etibarən Topqapı adlandırılmağa başlanılıb. Kompleksə məscidlər, xəstəxana, çörəkxanalar və başqa binalar da daxildir. XVII əsrdən etibarən iqamətgah kimi saray əhəmiyyətini itirir, sultanlar daha çox Bosfor sahillərində inşa edilmiş saraylarda yaşamağa üstünlük verirlər. 1856-cı ildə Sultan I Əbdülməcid iqamətgahı şəhərin ilk Avropa stilli sarayı olan, yeni tikilmiş Dolmabağça sarayına köçürmək qərarına gəlir.

 

Topqapı Saray Muzeyi Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinə tabedir. Saray kompleksinə yüzlərlə otaqlar və zallar daxil olsa da, onlardan ən vacibləri bu gün ictimaiyyət üçün açıqdır. Saray kompleksi nazirliyin nümayəndələri, o cümlədən türk ordusu tərəfindən qorunur.

 

* * *

 

15 iyul, axşam saat 9. Əvvəlki adı Boğaziçi körpüsü, indi isə Şəhidlər Körpüsü adlandırılan körpüyə aparan yollar bağlanıb. Hər tərəfdə türk əsgəri, türk polisi görünür. Şəhidləri anma mitinqinə gələn yüzlərlə insan əldə ay-ulduzlu bayraq, müxtəlif şüarlar səsləndirirlər. Ən təsirli səhnə isə 15 iyul gecəsində şəhid olan 251 vətən sevdalısının adları oxunması idi. Səhnədən şəhidlərin adı oxunduqca, insanlar “Burda” deyib, onların hələ də sağ olduğunu, könüllərdə yaşadığını bildirirdilər.

 

Və budur, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onlarla insanın əhatəsində səhnəyə tərəf addımlayır. İzdihamdan alqış qopur, Türkiyə prezidentini coşqu ilə qarşılayırlar.

 

O gecə Ərdoğan nə danışdı? Ən yaxşısı, Türkiyə prezidentinin öz dilindən eşitməkdir.

 

* * *

 

İstanbula vida deməyin vaxtı-vədəsi çatır. Qarşıda bizi Kastamonu ilə tanışlıq gözləyirdi.

 

Bir də təkrar etməyə gərək var: adına övliyalar şəhəri deyirlər Kastamonunun. Yeddi min illik tarixi və mədəniyyəti olan bu şəhərdə irfan məktəbinin böyük nümayəndələrindən olan Şeyx Şaban Vəlinin dillər əzbəri olan alqışına çox yerdə rast gələrsiniz: “Gəlişiniz gülə-gülə, gedişiniz gülə-gülə, hər işiniz gülə-gülə...”

 

Bir şəhər təsəvvür edin ki, Anadoluda ilk qadın mitinqi məhz orada təşkil olunub. Orda ilk sənət məktəbi açılıb. Kastamonu Fateh Sultan Mehmedin, Yavuz Sultan Səlimin, II Bəyazidin və Sultan Süleyman Qanuninin müəllimlərinin şəhəridir. Hə, bir də Kastamonu o şəhərdir ki, Mehmed Akif Ərsoy “İstiqlal marşı”nı ilk dəfə məhz bu şəhərdə oxuyub.

 

Şəhərin 114 min, kəndləri ilə bərabər isə vilayətin 370 min əhalisi var. Obrazlı desəm, səfər günlərində jurnalistlərin görməli yerlərə gedən yolu məmur kabinetlərindən keçirdi. Əvvəlcə Kastamonu valisi Yaşar Qaradənizlə görüşdük. Vali şəhər haqqında ətraflı məlumat verib, yol üstündə olan qələm əhlinin suallarını da cavablandırdı. Ümumiyyətlə, səfər müddətində Kastamonu İnebolu, Daday, Tosya, Pınarbaşı kaymakamları və bələdiyyə sədrləri ilə görüşüb Kastamonunu kənd-kənd tanımağa çalışdıq. Kastamonu həm də Yaşılköy gölü və Kürə dağları milli parkı ilə qiymətlidir. Yaşılköy bizim Göygölə çox bənzəyir. Dəniz səviyyəsindən 2000 metr hündürlükdə olan və yolu təhlükəli olan gölü görmək üçün bütün çətinliklərə sinə gərən insanların sayı az deyil. Elektrik və internetin olmadığı ərazini sözün bütün mənalarında sivilizasiyadan uzaq hesab etmək olar. Amma təbiətin gözəlliyi texnikanı da, sosial həyatı da bir müddətlik unutdura bilir.

 

Horos kanyonu Kürə dağları milli parkında yerləşir. Kastamonunun mərkəzindən təxminən 80-90 kilometr aralıda olan kanyon təbiət möcüzələrindən biridir. Kanyon boyu yüz metrlərlə uzunluqda taxta körpü salınıb.

 

* * *

 

15 iyul dövlət çevrilişinə cəhd hadisəsi və Kastamonunun türk dünyasının mədəniyyət paytaxtı olması münasibətilə təşkil edilən altı günlük səfər xoş xatirələr, xoş təəssüratlarla yadda qaldı. Və insan hər şeyə öz gözləri ilə şahid olanda bir daha başa düşür ki, qardaş Türkiyə təkcə ordusu, iqtisadiyyatı, mədəniyyəti ilə yox, təbiəti ilə də təkrar olunmaz, yenilməz və əzəmətlidir.

 

Hər zaman əzəmətli olmaq arzusu ilə

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448
avatar

Oxşar yazılar