Bu gün Bakıda Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafanın təşəbbüsü ilə Şəhidlər Xiyabanında yerləşən Türk Şəhidliyi ziyarət edilib.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ziyarətdə məqsəd Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 96-cı ildönümünü qeyd etmək olub.
Mərasim iştirakçıları Türk Şəhidliyinə əklil qoyub, şəhid əsgərlərin ruhuna dualar oxuyublar. Ziyarətçilər qarşısında çıxış edən F.Mustafa bildirib ki, xilaskar türk əsgəri 1918-ci ildə Azərbaycana mayın 20-dən sonrakı günlərdə gəlib: “Ona görə də hər ilin 25 may tarixini ziyarət üçün məqbul bir gün olaraq seçmişik”.
Daha sonra BQP başqanı Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin tarixi haqqında məlumat verib: “Biz azərbaycanlıları 1918-ci ildə mart qırğınlarından sonra məhv olma təhlükəsindən Nuru Paşa və onun imanlı əsgərləri xilas ediblər. Bizim onlara millət olaraq bir can borcumuz var. Əlbəttə, bu ziyarəti bütün millətimiz adından edirik. Allah həqiqi milli qəhrəmanımız Nuri Paşaya və Qafqaz İslam Ordusunun bütün zabit və əsgərlərinə rəhmət eləsin! Onların adını və haqqını uca tutan hər bir Azərbaycan insanından Allah razı olsun!”