Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyi tərəfindən Seul şəhərində yerləşən İstanbul Mədəniyyət Mərkəzində Səfirliyin əməkdaşları, sözügedən mərkəzin rəhbərliyi, “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının nümayəndələri və koreyalı tələbələrin, eləcə də Türkiyənin TRT 1 kanalının Cənubi Koreya üzrə xüsusi müxbirinin iştirakı ilə 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Lent.az-a səfirlikdən daxil olan məlumata görə,faciə qurbanları bir dəqiqəlik sükutla yad edildikdən sonra Səfirliyin ikinci katibi Fərrux Cumayev tədbiri giriş sözü açaraq qonaqları salamlayıb, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin “20 Yanvar faciəsinin 23-cü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na dair uyğun sərəncamına əsasən Azərbaycanda və digər ölkələrdə faciəyə həsr olunan tədbirlərin keçirilməsi barədə məlumat verib. Bu tədbirlərin ölkəmiz üçün əhəmiyyətinə toxunan F.Cumayev 20 Yanvar hadisələrinin Azərbaycan tarixinə qəhrəmanlıq salnaməsi kimi həkk olunduğunu qeyd edib.
Daha sonra Səfirliyin attaşesi Azər Şirinov çıxış edərək 20 Yanvar faciəsinin tarixi, səbəbləri, gedişatı və nəticələri barədə məlumat verib, dünya ictimaiyyətinin – dövlətlər və beynəlxalq təşkilatların haqqında danışılan hadisələrlə bağlı nümayiş etdirdikləri mövqeni iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə 20 Yanvar hadisələrinə həsr olunmuş qısa metrajlı film nümayiş etdirilib, cari ilin yanvarın 18-i tarixində Cənubi Koreyanın ən nüfuzlu qəzetlərindən olan “Korea Times” qəzetində dərc olunmuş “Black January: heroic page of struggle of Azerbaijani people for freedom” adlı məqalə iştirakçılar arasında paylanıb.
(http://www.koreatimes.co.kr/www/news/issues/2013/01/139_129059.html)
Tədbirin sonunda 20 Yanvar hadisələri ilə bağlı iştirakçıların sualları cavablandırılıb.