Layihə: “Onun ilk peşəsi”
Onlar sənətçi, siyasətçi, yazıçı kimi doğulmayıblar. Onlar da hamı kimi orta məktəbə gedib, sonra ali təhsil alaraq müxtəlif peşələrə yiyələniblər. Ancaq həyat bəzən onları öz sevdikləri peşələrindən də ayrı salıb. İllər ötüb, tamam başqa bir sahəni özlərinin həyat kredosu seçiblər.
Lent.az “Onun ilk peşəsi” rubrikasında növbəti qonağını təqdim edir.O, Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı, millət vəkili Flora Qasımovadır.
- Flora xanım, öncə uşaqlığınızdan danışardınız.
- Xankəndi şəhərində doğulub boya-başa çatmışam. Anam müəllimə, atam isə Dağlıq Qarabağ Daxili İşlər İdarəsinin Yanğından Mühafizə Şöbəsində rəis müavini işləyib. Uşaqlıq illərim də Xankəndinin Kərkicahan qəsəbəsində keçib. İbtidai təhsilimi Kərkicahanda almışam, sonra isə Xankəndi şəhər Nizami Gəncəvi adına 4 saylı orta məktəbdə təhsilimi davam etdirmişəm. Fənlərdən ən çox riyaziyyatı sevirdim. Buna görə də Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil oldum.
Mənim ən xoş günlərim bəlkə də həmin qəsəbədə keçib. Kərkicahanlılar anama bir müəllim olaraq böyük hörmət bəsləyirdilər. Bəlkə də anam şuşalı olduğu, yəni gəlimə olduğu üçün onu daha çox istəyirdilər. Yəni bütün kənd bizim ailəyə hörmətlə yanaşırdı. Çox gözəl günlərimiz olub. Kəndin camaatı da şən, qoçaq idilər. Yadımdadır, hələ Sovet dövründə Kərkicahanda Novruz bayramı böyük sevinclə keçirilirdi. O anları heç zaman unutmuram. Bayrama bir ay qalmış bütün evlərdə təmizlik işləri görülürdü. Novruz tonqalları yandırılırdı...
- Necə oldu, müəllimlik sənətini seçdiniz?
- Müəllimlik sənətini seçməyimdə anamın müəllim olmağı böyük rol oynayıb. Həmçinin, Sovet dövründə müəllimə böyük hörmət, inam var idi. Müəllim əsl ziyalı idi. Müəllimlər təkcə dərs deməklə kifayətlənmirdilər, onlar şagirdlərə hər cür qayğı ilə yanaşırdılar. Əgər hər hansı bir şagird dərsə gəlmirdisə, müəllim həmin şagirdin evinə gedərək, ona ev tapşırıqlarını başa salırdı. Bu cür müəllimlərimiz olub. Hətta müəllimlər zəif şagirdlərə təmənnasız əlavə dərs keçirdilər. Bütün bunlar məni müəllimlik peşəsini seçməyə sövq etdi.
- Niyə məhz riyaziyyatı seçdiniz?
- Çünki məndə riyaziyyata maraq çox güclü idi. Eldar Quliyev adlı müəllimimiz var idi. O, çox ciddi pedaqoq idi və həmin müəllimi heç zaman unutmuram. Bəlkə də həmin müəllimə görə məndə riyaziyyatçı olmaq marağı əmələ gəldi. Ali məktəbi bitirdikdən sonra Nizami Gəncəvi adına 4 saylı orta məktəbdə riyaziyyat müəllimi olmuşam, tədris-hissə müdiri kimi fəaliyyət göstərmişəm. Sonrakı illərdə şəhər partiya orqanlarında çalışmışam. Belə ki partiya komitəsində təlimatçı vəzifəsində işləmişəm.
- Dərs dediyiniz şagirdlərdən deputat kimi sizə müraciət edən olurmu?
- Təbii ki, olur, onları qəbul edirəm, problemlərini dinləyirəm. Səlahiyyətim daxilində onlara yardım etməyə çalışıram. Bir məsələni də deyim ki, müəllimlik peşəsinin müqəddəs olduğunu, müəllimliyin bəhrəsini deputat seçkilərində gördüm. Bütün şagirdlərim sanki mənim təbliğatçılarım idi. Şagirdlərim mənim deputat seçiləcəyimə həm inanır, həm də çox sevinirdilər.
- Riyaziyyatçı kimi hesablasınız, sevincli günləriniz çox olar, yoxsa kədərli günləriniz?
- Əlbəttə, sevincli günlərimin sayı çoxdur. Kədərli günlərim Qarabağ müharibəsi baş verəndən sonra yaranıb. Çünki həmin vaxt vəziyyət çox ağır idi. Qohum-əqrəbamın əksəriyyəti məcburi köçkün düşmüşdü, onları yerləşdirmək lazım idi. Bundan başqa həyat yoldaşım Şirin Mirzəyev Qarabağ döyüşlərində şəhid oldu. Yəni həmin illər çox ağrılı-acılı illər idi. Valideynlərim ölən günə kimi Qarabağdakı evlərinə getmək istəyirdilər. Həmin o illərin ağrı-acısı sanki mənə öz dərdimi unutdurmuşdu. İndi də bəzən çətinliklər, problemlər olur, amma ən böyük problem Dağlıq Qarabağ problemidir. Çox ağırdır doğulduğun yurdu itirmək. Haqqımız yoxdur ki, o torpaqları unudaq. Gənclərdə torpağa bağlılığı artırmalıyıq. Arxasında rusların duran qudurğan ermənilər torpağımızı işğal etdilər. Biz hər an döyüşə hazır olmalıyıq. Azərbaycanın hərbisi və hərbi büdcəsi inkişaf edib. Biz torpağımıza qayıdacağıq.
- Azərbaycanın Milli Qəhrəmanları orta məktəblərdə layiqincə təbliğ olunurmu?
- Xeyr. Düzdür, milli qəhrəmanlarımızın, şəhidlərimizin adı orta məktəblərə, küçələrə verilib. Həmçinin istərdim ki, orta məktəb dərsliklərində milli qəhrəmanlarımıza dair mövzulara geniş yer verilsin. Vətənpərvərlik hissələri gənclər, şagirdlər arasında daha çox təbliğ olunmalıdır. Çünki torpaqlarımızın 20 faizi işğal altındadır. İşğal altında olan torpaqların azad olunması bu millət üçün şərəf, namus məsələsidir.
Qarabağ müharibəsi ölkəmizə həm də mənəvi ziyan vurub. Bu gün nə qədər məcburi köçkünlərimiz öz dədə-baba yurdundan didərgin vəziyyətində yaşayır. Onların sosial problemi dövlət tərəfindən öz həllini tapsa da, yenə ağır vəziyyətdə olan məcburi köçkünlərimiz var. Həmin köçkünlərin öz yurdlarına qayıtması üçün mütləq torpaqlarımız azad olunmalıdır. Buna görə də gənclərə vətənpərvərlik hissi aşılanmalıdır. Gənclərimiz bədbin olmamalıdır.
- Məktəb yoxsa parlament, bunlardan hansı sizə daha doğmadır?
- Deputat kimi məsuliyyətim indi çoxdur böyükdür. Təbii ki, millət vəkili kimi məktəblərdə oluram. 25 il idi ki, Xankəndinin orta məktəbi fəaliyyət göstərmirdi. Bununla bağlı təşəbbüs irəli sürdüm və dövlət başçısının sərəncamı ilə Nizami Gəncəvi adına Xankəndi şəhər 4 saylı məktəbin fəaliyyəti bərpa olundu. Bir məsələni də təəssüf hissi ilə bildirim ki, Azərbaycanının müxtəlif ərazilərində 10 mindən artıq xankəndli yaşayır, amma Xankəndinin nə İcra Hakimiyyəti, nə də digər yerli icra orqanları var. Yalnız Xankəndi ilə bağlı bir dairə (122 saylı Xankəndi seçki dairəsi), bir də orta məktəb var.
- Yenidən deputatlığa namizədliyinizi irəli sürəcəksinizmi?
- 2015-ci ildə deputatlığa yenidən namizədliyimi irəli sürmək fikrində deyiləm. İstəyirəm ki, Xankəndidən olan bir gənc deputat seçilsin. Bu gün gənclərimizə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir, onlar müxtəlif vəzifələrə təyin olunur. Amma təəssüflər olsun ki, Xankəndidən olan gənclər arasında hər hansı bir nazirlikdə işləyən demək olar ki, yoxdur. Bu da məni bir millət vəkili kimi narahat edir. İstərdim ki, xankəndili gənclər ictimai-siyasi həyatda fəal olsunlar.